“Avtobus var, amma yoxdur”: Elmlər Akademiyasında sıxlıq
Bakıda Formula 1 yarışları ilə əlaqədar şəhərin mərkəzində bir sıra yolların bağlanması və hərəkət istiqamətlərinin dəyişdirilməsi nəqliyyat sıxlığının artmasına səbəb olub. Belə ki, sentyabrın 21-də sıxlıq xüsusilə, Elmlər Akademiyası ərazisində müşahidə olunub. Sıxlıq səbəbindən 17, 10, 6 və 3 nömrəli avtobusların, eləcə də M6 ekspress avtobusunun hərəkətində gecikmələr yaranıb. Sərnişinlərin sözlərinə görə, bəzi marşrutlarda gecikmə müddəti 40 dəqiqəyə yaxın olub.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətindən “İnformator.az”a məlumat verilib.
Bildirilib ki, yollarda müşahidə edilən nəqliyyat sıxlığı avtobusların hərəkət intervalının artmasına səbəb olub. Həmçinin avtobusların hərəkət sxemi üzrə rahat hərəkət edə bilməsi üçün aidiyyəti orqanlarla birgə tədbirlər həyata keçirildiyi qeyd olunub.