Aygün Əzimova: Burada çalışmağı özünə mənəvi borc bilən müəllimləri seçmək lazımdır
Avqustun 21-i saat 11:00-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə start verilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.
Qeyd edək ki, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa və Füzulidə yerləşən 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.
Bəli, Şuşa və Füzulidə 30 ildən sonra yenidən Azərbaycan məktəbləri açılacaq, azərbaycanlı müəllimlər dərsləri burda tədris edəcək. Bəs burada dərs keçən müəllimlər necə etməlidir ki, şagirdlər burada olan döyüşləri, qazanılan qələbəli yalnız qələmlə vərəqə deyil, həm də ağıllarına, qəlblərinə yazsınlar? Bunun üçün burada dərs keçən müəllimləri necə seçmək lazımdır?
Ən böyük arzusu yenidən Şuşada dərs keçmək olan, əslən şuşalı Bakı Dövlət Universitetinin dosenti Aygün Əzimova bununla bağlı saytımıza danışıb. Qeyd edək ki, Aygün xanım 1988-1989-cu illərdə Şuşada 4 nömrəli orta məktəbdə müəllim işləyib. O, Şuşaya 3 günlük səfərdə olub və yaşadığı hissləri bizimlə bölüşüb. Aygün xanımla olan söhbətimizdən onun illərdir, ürəyində yanıb-alışan vətən, doğma yurd həsrətini aydın oxumaq olurdu:
"Şuşada olduğum müddətdə öz doğma torpağımın hər bir qarışını addım-addım gəzdim, gəzdikcə izah edilməyəcək hisslər keçirdim, həmin an vətənimin gözəlliyinə həsrət qalan gözlərim dolmuşdu. Bu hisslər sözə, kəlməyə sığmazdı, o elə bir hissdir ki, sanki bütün gözyaşlarını, iztirabları insan tamamilə daxilə çəkir".
Aygün xanım Şuşada quruculuq işlərinin həyata keçirildiyini, Şuşa xalqının orada yerləşəcəyindən sonra həmin yerdə çox böyük bir təntənə ilə qələbənin keçirələcəyini söylədi. Burada işləyəcək müəllimlərə gəldikdə isə Aygün xanım hesab edir ki, Şuşada müəllim işləyəcək şəxslər öncə vətənini dərindən sevən, daha sonra isə həmin ərazilərin tarixini dərindən bilən olmalıdır:
"Şuşada böyük pedaqoqlar nəsli olub, bu nəslə Firudun bəy Köçərli Haşım bəy Vəzirov məktəbinin nümayəndələri daxildir. Bununla yanaşı sovet dövründə şuşalı olan görkəmli şəxsiyyətlərin, pedaqoqların, jurnalistlərin, publisistlərin haqqında geniş məlumatlar sovet dövründə olmayıb və həmin müəllimlərə tövsiyəm budur ki, bütün bunların tarixini dərindən bilsinlər".
Müsahibimiz bu şəxsiyyətlərə Əhməd bəy Ağaoğlunu, Xəlil İbrahimi, Üzeyir bəy Hacıbəylini də əlavə etdi. Aygün xanım deyir ki, müəllimlərin qarşısında duran əsas vəzifə mənəviyyatımızı, tariximizi şagirdlərə aşılamaqdır. Bununla yanaşı təklif edir ki, Şuşada birinci və ikinci Qarabağ döyüşlərində olan şəhidlərimizin şəkilləri oradakı məktəblərə asılsın, şagirdlərə öncə onlar öyrədilsin.
Eyni zamanda müsahibimiz Şuşada açılan məktəblərin ilk dərs gününün məhz Şuşada Şəhidlər Xiyabanında keçirilməsi fikrini irəli sürür. O qəhrəmanlar haqqında öncə müəllimlərin, sonra isə şagirdlərin məlumatı olmalıdır. Sırf Şuşanın tarixi ilə əlaqədər (birinci və ikinci Qarabağ müharibəsi də daxildir) kitablar nəşr olunsun.
Aygün xanım Şuşada muzey açılması fikrini irəli sürməklə yanaşı, həmin muzeydə şəhidlərimizə aid olan əşyaların, xatirələrin saxlanılması lazım olduğunu bildirdi. Bu muzey Şuşanın tarixini gələcək nəslə ötürmək üçün çox əhəmiyyətli olacaq. Ən əsası isə iş xatirinə yox, burada çalışmağı özünə mənəvi borc bilən müəllimləri seçmək lazımdır.
Çinarə Muradova
