AYNA parklanmaya görə nağd ödəniş etməməyə çağırır
Bakıda avtomobil sürücülərinin ciddi problemlərindən sayılan parklanma sahəsindəki problemləri aradan qaldırmaq üçün yaradılan "Azparking" mobil tətbiqinin istifadəyə verilməsindən 10 gündən çox vaxt keçir. Bu sistemin yaradılmasında əsas məqsəd nizam-intizamın yaradılması, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasıdır.
Xidmətdən istifatə etmək istəyən avtomobil sahibi, AzParking mobil tətbiqində şəxsi məlumatlarını əlavə edərək qeydiyyatdan keçməlidir. Sürücülər avtomobili park etdikdən dərhal sonra parklanmanın başladığını təsdiqləməlidirlər. SMS vasitəsilə tətbiqdən istifadə etmək istəyənlər isə avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və yerini 1181 qısa nömrəsinə göndərməlidirlər. Əks halda sürücülər cərimə oluna bilər. Parklanma sahəsi kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edən sürücülərə qarşı cərimə nəzərdə tutulur.
AYNA -nın mətbuat katibi Tural Orucov deyir ki, artıq bir həftədən çoxdur ödənişlər yalnız və yalnız nağdsız qaydada həyata keçirilir. “Bugünə olan statistikaya əsasən, 43 min 573 nəfər mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib. 1553 nəfər balansın artırılması əməliyyatını həyata keçirib”. Tural Orucov sürücülərdən xahiş edir ki, ödənişləri yalnız mobil tətbiq, sms və ödəmə terminalları vasitəsilə həyata keçirsinlər. Heç kimə nağd şəkildə ödəniş etməsinlər. Parklanma üçün nəzərdə tutulan ödənişlər yol infrastrukturunda hərəkətin təkmilləşdirilməsinə, abadlıq işlərinə sərf olunacaq.
SONA
