Ayxan Abbasov millinin yeni baş məşqçisi olub
Məşqçi ilə 1+2 şərti ilə müqavilə imzalanacaq. Ayxan Abbasov yığmamızı Dünya Çempionatının seçmə mərhələsinin 4 oyununa çıxaracaq. Mütəxəssisin rəhbərlik etdiyi komanda bu görüşlərdə ən azı 1 xal qazansa, məşqçinin müqaviləsində yer alan şərt qüvvəyə minəcək.
Mövzu haqqında keçmiş azərbaycanlı futbolçu Aslan Kərimov "İnformator.az"a açıqlamasında bildirib ki, Santuş bir müddət işləyərkən oyunçuların milli komandada oynayarkən o qədər də xoşbəxt olmadıqları açıq-aşkar görünüb:
“Bir tək Ayxan Abbasovun gəlişindən sonra oyunçular özlərində bir ruh tapa biliblər. Bir oyunluq komanda olmağı bacarıblar. Ukrayna ilə oyun böyük rol oynayıb. Amma bundan sonra nə qərarlar veriləcək, nə ediləcək — o haqda heç bir məlumat yoxdur. Xal baxımından növbəti oyunlarda xal toplamaq və yaxud da nəticə gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Ayxan Abbasovdan qalan bu dörd oyunda hansısa bir xal toplamağı fikirləşirlər. Çünki həqiqətən də rəqiblərimiz bizdən beşqat güclüdür. Ukrayna millisindən biz bir xal qazanmağı bacardıq, amma bu oyunda məğlub da ola bilərdik. Daha çox oyun baxımından, komandanın ruhu, ən azından mübarizlik baxımından bir komanda olmağı gözləyəcəklər. Yalnız fərziyyələri söyləyə bilərik. Ona görə də bu istiqamətdə addımlar atılacaq və Ayxan Abbasova da uğurlar arzulayırıq, inşallah, uzunmüddətli bir müqavilə olar. Əslində, uzunmüddətli müqavilələrin tərəfdarıyıq. Düşündüyümüz və yaxud da istiqamət götürdüyümüz yol çox güman ki, Millətlər Liqası olmalıdır. Millətlər Liqasından biz nələrəsə nail ola bilərik. O turnirdə bizim üçün nəticə etibarilə üç xal vacib olacaq. Üç xal, yəni məcazi mənada hər bir oyunda üç xal qazanmaq bizim üçün mütləq olacaq. Necə oyun oynadığımızdan asılı olmayaraq. Amma bu turnirdə isə onun bünövrəsini atmalıyıq”.
Nazim Xeyrxəbərli
