Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək - ŞƏRH
Yarışın ölkədə keçirilməsi Azərbaycanın beynəlxalq idman tədbirlərinin təşkilində təcrübəsini daha da artırmaqla yanaşı, bədii gimnastikanın ölkədə inkişafına və bu idman növünə marağın genişlənməsinə təsir göstərə bilər.
Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda gimnastika idmanının inkişafı və bu sahədə əldə olunan uğurlar ölkənin beynəlxalq səviyyədə nəticələr qazanmaq imkanlarını artırır:
“Bu, Azərbaycanda idmanın yüksək təşkilatçılıq qabiliyyətini göstərir. Gimnastika idmanına birbaşa yaxın olmağımız və bu idmanda uğurlu olmağımız bizim üçün böyük üstünlükdür. Biz çox uğurlu bir idman növündə inkişaf edirik və dünyada ən yaxşılar sırasında bunu seçiblər”.
Onun sözlərinə görə, gimnastika həm təşkilatçılıq, həm də idman təcrübəsi baxımından Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır:
“Biz bunu inkişaf etdiririk və bununla da demək olar ki, yol xəritəsi üzrə irəliləmiş oluruq. Çünki bundan əvvəlki yarışların nəticələrinə nəzər saldıqda, dünya səviyyəsində medal şanslarımız yüksək idi. Çempion olmaq ehtimalımız böyüyüb. Əlbəttə, bu iddiamız yalnız praktiki şəkildə həyata keçirildikdə özünü göstərəcək. Nəzərə alınmalı əsas məqam idmançıların fiziki hazırlıq səviyyəsi və onların performansıdır. Amma inanıram ki, biz birinci ola bilərik”.
Fatimə Hüseynli