Azərbaycan-ABŞ dialoqunda yeni mərhələ
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, investisiyalar, ticarət və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, son dövrlərdə ABŞ-Azərbaycan münasibətlərində müşahidə olunan canlanma və qarşılıqlı dialoqun intensivləşməsi Cənubi Qafqazın gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir:
“Vaşinqton və Bakı arasında siyasi təmasların artması, regional təhlükəsizlik, enerji əməkdaşlığı və nəqliyyat-kommunikasiya layihələri ətrafında aparılan müzakirələr tərəflərin ortaq maraqlarının genişləndiyini göstərir. Bu kontekstdə Zəngəzur dəhlizi xüsusi əhəmiyyət daşıyır. Dəhlizin açılması yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında iqtisadi əlaqələrin genişlənməsi baxımından yeni imkanlar yaradacaq. Layihə regionun nəqliyyat xəritəsini dəyişdirməklə yanaşı, yeni investisiya axınlarının formalaşmasına, sənaye və logistika mərkəzlərinin inkişafına təkan verə bilər. TRIPP layihəsinin perspektivləri də məhz bu baxımdan diqqət çəkir. Layihə təkcə yükdaşımaların sürətlənməsi və ticarət dövriyyəsinin artması ilə məhdudlaşmır. Yeni kommunikasiya xətlərinin formalaşması region ölkələrinin iqtisadi asılılığını qarşılıqlı əməkdaşlığa çevirərək daha dayanıqlı inkişaf modelinin yaranmasına xidmət edə bilər. İnfrastrukturun genişlənməsi xarici investorlar üçün yeni imkanlar açacaq. Nəqliyyat marşrutları boyunca sənaye parklarının, logistika mərkəzlərinin və xidmət sektorunun inkişafı əlavə iş yerlərinin yaranmasına səbəb olacaq”.
Siyasi şərhçi həmçinin bildirib ki, eyni zamanda regionun əlçatanlığının artması turizm sektoruna da müsbət təsir göstərəcək:
"Yeni yollar və nəqliyyat əlaqələri ölkələr arasında turist axınını sürətləndirərək iqtisadi aktivliyi artıracaq. Zəngəzur dəhlizinin ən mühüm nəticələrindən biri isə sülh və sabitliyin möhkəmlənməsinə verə biləcəyi töhfədir. İqtisadi inteqrasiya və qarşılıqlı maraqlar münaqişə risklərini azaltmaq üçün ən təsirli vasitələrdən biridir. Region ölkələrinin ortaq iqtisadi layihələrdə iştirak etməsi əməkdaşlıq mühitini gücləndirir və uzunmüddətli sabitlik üçün əlavə təminatlar yaradır”.
Aişə Mustafayeva