00:00:00
Yazar
Elmira Ağayeva
26.11.2026 22:53 235 3 dəq oxuma
Gündəm

Azərbaycan–Avropa İttifaqı münasibətlərində Litvanın rolu və strateji əməkdaşlığın gələcəyi

Azərbaycan–Avropa İttifaqı münasibətlərində Litvanın rolu və strateji əməkdaşlığın gələcəyi

 

Azərbaycan ilə Avropa İttifaqı arasında strateji əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahələrində əlaqələrin inkişafı son dövrlərdə diqqət mərkəzindədir. Litvanın Avropa İttifaqında fəal mövqeyi və 2027-ci ildə quruma sədrliyi isə Azərbaycanla münasibətlərin gələcək inkişafı baxımından yeni imkanlar yarada bilər.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Azərbaycanın Baltikyanı ölkələr arasında Litva ilə münasibətləri xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Litva Avropa İttifaqının fəal üzvlərindən biri olmaqla yanaşı, Avropa siyasətində də real rol oynayan ölkələrdəndir:

“Azərbaycanın Baltikyanı ölkələr içərisində Litva ilə münasibətləri xüsusi önəm daşıyır. Litva Avropa İttifaqında aktiv fəaliyyət göstərən ölkələrdən biridir. Öz parametrlərinə görə Avropanın orta ölkələri kateqoriyasına daxil olsa da, Avropa siyasətində kifayət qədər real rol oynayan bir ölkədir. Bu ölkə ilə Azərbaycan arasında son illərdə intensiv şəkildə inkişaf edən münasibətlər sistemi mövcuddur. Azərbaycan Prezidentinin son illərdə Litvaya, Litva Prezidentinin isə Azərbaycana səfəri, eləcə də rəsmi şəxslər səviyyəsində qarşılıqlı görüşlər bunun göstəricisi sayıla bilər. Litvanın xarici işlər nazirinin dünən Azərbaycana səfəri və münasibətlərin növbəti mərhələsi ilə bağlı aparılan müzakirələr çox önəmlidir. Nəzərə alsaq ki, bir müddət əvvəl Dublində Azərbaycan Prezidenti Litva Prezidenti ilə bir araya gəlmiş və münasibətlərin gələcəyi ilə bağlı müzakirələr aparmışdı, indiki səfəri də məhz bu kontekstdə izah etmək daha məntiqli olardı”.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycanla Litva arasında əməkdaşlıq bir sıra istiqamətləri əhatə edir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahələrində əlaqələrin genişləndirilməsi hər iki tərəf üçün əhəmiyyətlidir:

“Biz bir çox istiqamətlərdə, xüsusilə də enerji təhlükəsizliyi, nəqliyyat və logistika ilə bağlı məsələləri müzakirə edirik. Bundan başqa, Litva Avropa İttifaqının önəmli və fəal üzvlərindən biridir. Əlbəttə ki, Azərbaycan Avropa İttifaqı ilə də enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Eyni zamanda, Avropa İttifaqının ondan artıq ölkəsi ilə bizim strateji tərəfdaşlıq münasibətlərimiz mövcuddur və bu əlaqələr inkişaf etməkdədir. Bu ölkələrdən biri də Litvadır. Bu baxımdan, Litva ilə münasibətlərin inkişaf etdirilməsi hər iki tərəfin maraqlarına uyğundur. Litva da, belə demək mümkündürsə, cənub istiqamətindən Azərbaycan üzərindən həm Cənubi Qafqazda əlaqələrini genişləndirməyə çalışır, həm də Yaxın Şərqə və Orta Asiyaya çıxış əldə edir. Yəni bu baxımdan münasibətlər çox önəmlidir. Eyni zamanda, texnologiyalar sahəsində də əməkdaşlığımız var”.

Oqtay Qasımovun sözlərinə görə, Litvanın 2027-ci ildə Avropa İttifaqı Şurasına sədrliyi də Azərbaycanla qurum arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətli imkanlar yarada bilər:

“2027-ci ildə Litvanın Avropa İttifaqına sədrliyi, şübhəsiz ki, mühümdür. Çünki Avropa İttifaqında Azərbaycana qarşı olan bəzi dövlətlər var və onlar zaman-zaman bu platformadan istifadə edərək Azərbaycana qarşı hansısa addımlar atmağa çalışırlar. Bu baxımdan, Litvanın həmin qurumda sədrliyi, hesab edirəm ki, Azərbaycanın da faydasınadır. Eyni zamanda, bu, Avropa İttifaqı ilə münasibətlərin gücləndirilməsinə vəsilə olan amil hesab oluna bilər. Nəzərə alsaq ki, son bir ildə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər intensiv xarakter alıb, son bir neçə həftə ərzində Azərbaycan və İtaliyanın, ardınca isə Litvanın xarici işlər nazirlərinin Azərbaycana səfəri, həmçinin Azərbaycanla bu ölkələr arasında münasibətlərin gələcəyi ilə bağlı aparılan müzakirələr bunun əyani sübutudur ki, Avropa İttifaqının və Avropa ölkələrinin Azərbaycana marağı ciddi şəkildə artıb”.

Gülnar Mustafayeva

#Azərbaycan #Litva
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər