Azərbaycan-Belarus əməkdaşlığında yeni mərhələ: Hökumətlərarası Komissiya toplanır
Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov rəhbərlik etdiyi nümayəndə heyəti ilə Belarus Respublikasına səfərə gəlib.
Məlumata görə, nümayəndə heyətini Minsk Milli Hava Limanında Belarus rəsmiləri və Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev qarşılayıblar.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Belarus Azərbaycanın MDB-də ənənəvi olaraq anlaşıqlı, yaxşı və dinamik əməkdaşlıq içində olduğu ölkələrdən biridir:
"Azərbaycanla Belarus arasında müstəqillik illərində, hətta fraqmental olaraq anlaşılmazlıq yaşandığı bir dənə də olsun səhifə yoxdur. Bu cəhətdən Azərbaycan-Belarus münasibətləri MDB məkanında ölkələrlə münasibətlər içərisində demək olar ki, bənzəri olmayan münasibətlər sistemidir. Hətta Mərkəzi Asiyanın bəzi türk dilli dövlətləri ilə də zaman-zaman Azərbaycanın arasında soyuqluq olmasa da, lazımi qədər yaxınlaşma cəhdlərinin olmadığını müşahidə etmişik. Amma Belarus MDB-də bəlkə də yeganə dövlətdir ki, Azərbaycanla əməkdaşlığı sistemli, dinamik və fasiləsiz şəkildə davam edir. Bu da həmçinin Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidentinin yaxşı və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərindən qaynaqlanır".
Siyasi şərhçi qeyd edib ki, yaxın tariximizdə çoxlu sayda faktlar var ki, Azərbaycanla Belarus arasında hətta milli-etnik nöqteyi-nəzərdən qardaş ölkələr arasında belə rast gəlinməyən jestləri görmüşük. Azərbaycan çətin günlərində Belarusa faizsiz kredit ayırıb ki, bu da həmin ölkənin çətinlikdən çıxmasında həlledici rol oynayıb.
Həmçinin bildirib ki, bu gün Belarusu Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqq mübarizəsinə səmimi dəstək vermiş ölkə kimi dəyərləndiririk:
"Belarus Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına imkanları çərçivəsində dəstək verir və bu məsələyə anlayışla yanaşır. Belarus beynəlxalq platformalarda Azərbaycanın maraqlarına aid məsələlərdə hər zaman ölkəmiz üçün əhəmiyyətli mövqe sərgiləyib.
Həm çoxtərəfli beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli münasibətlərdə Belarus-Azərbaycan əlaqələrini bu gün bənzəri olmayan münasibətlərdən hesab etmək olar. Xüsusilə aqrar sahədə, iqtisadiyyatın digər istiqamətlərində, sənaye və hərbi sənaye sahələrində əməkdaşlığın mühüm nəticələri var. Eyni zamanda, bu əməkdaşlıq böyük perspektivlərə malikdir.
Əsas odur ki, Belarus həm MDB çərçivəsində, həm də dünya miqyasında Azərbaycanın mühüm iqtisadi, investisiya və ticarət tərəfdaşlarından biridir. Ticarət, iqtisadiyyat, investisiya, turizm, humanitar və mədəni əlaqələr sahəsində Belarusla Azərbaycanın əməkdaşlığının həm zəngin keçmişi, həm də böyük gələcəyi var. Bu münasibətlərin inkişaf etdirilməsi üçün hər iki ölkə rəhbərliyinin möhkəm siyasi iradəyə sahib olması gələcəyə nikbin baxmağa əsas verən həlledici amillərdən biridir".
Aişə Mustafayeva