Azərbaycan Çinlə enerji tərəfdaşlığını müzakirə edib - ŞƏRH
Azərbaycan və Çin arasında enerji tərəfdaşlığının inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında enerji məsələləri üzrə ekspert Sadiq Həsənov bildirib ki,Azərbaycanın Çinlə həm enerji, həm də iqtisadi sahədə uzun müddətdir yaxşı əlaqələri var və bu əlaqələr inkişaf edir:
“Azərbaycan müxtəlif sahələrdə Çinlə əməkdaşlıq edir, Çindən mallar gətirilir və idxal olunur.Enerji sektorunda da müəyyən danışıqlar gedib. Lakin xüsusən böyük həcmdə enerji satışımız yoxdur. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan elə bir strateji ərazidə yerləşir ki, burada, məsələn, Orta Asiyadan daxil olan enerjinin Avropaya nəql olunması, Çinlə və yaxud digər Asiya ölkələri ilə tranzit əməkdaşlığından istifadə edilərək Avropaya keçmək imkanları yüksəkdir.Buna görə Azərbaycan Çinlə xüsusən enerji sahəsində əməkdaşlığı xüsusi diqqətdə saxlayır. Bu, ölkənin iqtisadi potensialına müəyyən təsirlər göstərəcəkdir.Çin o qədər böyük dövlətdir ki, onunla əməkdaşlıq etməklə hər hansı üstünlük qazana bilərik.Nəzərə alsaq ki, ənənəvi enerji ilə məşğul olan ölkələr var. Məsələn, İran, Rusiya kimi ölkələrdən əlavə, Çinin də böyük enerji sektorunda fəaliyyəti var. Yəni, Çin sıradan bir ölkə deyil, böyük enerji istifadəçisi və özünün enerji potensialı olan ölkədir. Eyni zamanda, alıcılıq qabiliyyəti çox yüksəkdir və sənayenin də böyük bir hissəsini Çin təmin edir.Azərbaycanın avtomobil nəqliyyatına baxsaq, çox sayda Çin istehsalı avtomobillər nəqliyyatımızda böyük əhəmiyyətli paya malikdir. Eyni zamanda, Azərbaycanın sənayesində Çinlə əməkdaşlıq bu müddətdə başlayır və bir çox quyuların qazılmasında istifadə olunan qurğular, avadanlıqlar Çindən alınır.Bu əməkdaşlıq yəqin ki, daha da genişləndiriləcək”.