Azərbaycan Cüdo Federasiyasının mütəxəsisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
Azərbaycan Cüdo Federasiyasının mütəxəssislərinin Yaponiyada keçdiyi ixtisasartırma proqramı ölkədə cüdo təhsilinin və məşq sisteminin inkişafı baxımından mühüm addım hesab olunur. Cüdonun vətənində əldə edilən təcrübənin Azərbaycan idmanına necə təsir göstərəcəyi maraq doğuran məqamlardandır.
"Təcrübə mübadiləsi bütün hallarda faydalıdır. Cüdo mütəxəssislərimizin yaponiyalı həmkarları ilə bu tədbiri də, təbii ki, istisna deyil".
Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, belə görüşlər ilk deyil və əvvəllər həm Yaponiyada, həm də Azərbaycanda təşkil olunub:
"Xatırlayıram ki, cüdonun yaradıcıları Azərbaycanda olarkən tövsiyələrini verməklə yanaşı, bizdə bu idman növünün inkişafı istiqamətində görülən işlərdən, təkmilləşdirilən infrastrukturdan razılıqlarını bildiriblər. Düşünürəm ki, budəfəki ixtisasartırma proqramı ümumən cüdo sferasında çalışanlar, eləcə də bizim mütəxəssislər üçün məşq sisteminin modernləşdirilməsində əhəmiyyətli olacaq.
Məşq metodikasında, idmançının hazırlıq prosesində elə nüanslar var ki, sonadək açıqlanmır, bir növ, sirr olaraq saxlanılır. Amma ümumi prosedurların müzakirəsini faydasız saymaq yanlışlıq olardı. Ona görə əminliklə deyə bilərik ki, bu cür tədbirlər funksionerlərin də, məşqçilərin də fəaliyyət modelində müsbət dəyişikliyə səbəb olacaq".
Zəhra Möhübbətova