"Azərbaycan Ermənistanla müharibəni keçmişdə qoyaraq gələcəyə baxır" - ŞƏRH
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub, tranzit yüklərin tədarükü həyata keçirilib.
Mövzu ilə bağlı “İnformator.az”
a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, bizim Ermənistana bu yükləri göndərməyimiz bir daha təsdiq edir ki, Azərbaycan Ermənistanla müharibəni, münaqişəni və qarşıdurmanı keçmişdə qoyaraq gələcəyə baxır:
"Biz normal qonşuluq münasibətlərində maraqlıyıq və bu istiqamətdə ilk addımları da məhz Azərbaycan atır. Azərbaycan artıq neçənci dəfədir ki, belə jestlər edir. Təbii ki, Ermənistandan da müəyyən uyğun cavablar verilir. Lakin hələ də revanşist düşüncədə olan müəyyən qüvvələr qalır və onlar zaman keçdikcə bu cür addımların qarşısında geri çəkilməli olacaqlar. Biz əməli fəaliyyətimizlə göstəririk ki, ermənilərlə və Ermənistanla normal münasibətlərin qurulmasında maraqlıyıq. Neft məhsullarının növbəti partiyasının göndərilməsi də bunun göstəricilərindən biridir. Hazırda kommunikasiyalar tam açılmayıb, iki ölkə arasında sülh sazişi də hələ tam imzalanmayıb. Belə bir şəraitdə Azərbaycan Ermənistana əl uzadaraq öz siyasi iradəsini nümayiş etdirir və bildirir ki, normal münasibətlərin qurulmasında maraqlıdır. Enerji sahəsində əməkdaşlıq Ermənistanın müstəqilliyinin təmin olunmasına da töhfə verə bilər. Bildiyimiz kimi, Ermənistan bu məsələlərdə, əsasən Rusiyadan asılı vəziyyətdədir və Rusiya-Ermənistan münasibətlərində səmimiyyət hər zaman müzakirə mövzusu olub. Rusiya mövcud imkanlarından istifadə edərək Ermənistanı müəyyən təzyiqlər altında saxlamağa çalışır. Azərbaycan isə enerji sahəsində əməkdaşlıq zamanı Ermənistanı təsir və təzyiq altında saxlamaq məqsədi güdmür. Əksinə, bu əməkdaşlığı iki ölkə və iki xalq arasında normal münasibətlərin formalaşması üçün bir fürsətə çevirməyə çalışır".
Siyasi şərhçinin sözlərinə görə, enerji sahəsində əməkdaşlıq Ermənistanı çətin vəziyyətdən çıxarmağa kömək edə bilər:
"Ermənistan Azərbaycan tərəfinin xoş niyyətini növbəti dəfə görmüş olacaq. Ermənistan artıq Azərbaycana münasibətini dəyişməyə başlayıb və bu proses davam edir. Bu da təbiidir. Çünki Ermənistan açıq şəkildə Azərbaycana qarşı ərazi iddialarından imtina etdiyini bəyan edib və bu istiqamətdə müəyyən real addımlar atır. Təbii ki, buna görə müəyyən təzyiqlərlə də qarşılaşır. Lakin bütün bunlara baxmayaraq, Ermənistan tədricən Azərbaycanla münasibətlərin normallaşmasına öz töhfəsini verir. Azərbaycan tərəfində isə problem yoxdur. Çünki Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur və Azərbaycan heç vaxt Ermənistan torpaqlarını işğal etməyib. İşğalçı tərəf Ermənistan olub və işğal faktoru aradan qalxdıqdan sonra münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Bu cür münasibətlərin qurulması Ermənistanın Azərbaycana münasibətini artıq dəyişməyə başlayıb və bu dəyişiklik gələcəkdə də müsbət istiqamətdə davam edəcək".
Selcan Xudiyeva