Azərbaycan Gimnastikası sürətlə inkişaf edir
Bakı çempionatı çərçivəsində keçirilən gimnastika yarışında parlaq çıxışı ilə diqqət çəkən Aylin Babazadə 1-ci yerə layiq görülərək yüksək nəticə əldə edib. Gərgin hazırlıq və böyük əzmlə qazandığı bu qələbə onu yarışın ən yadda qalan idmançılarından birinə çevirib.
"Bizim üçün ən vacibi gözəl oynayıb birinci yeri tutmaq olubdur. Çünki müəllimimiz hər zaman yarışın çətin olacağını bildirib".
Bu sözləri Bakı Gimnastika Çempionatı birincisi Aylin Babazadə "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, adımız birinci yer üçün çəkildikdə çox sevindik:
“Keçirdiyimiz o sevinci heç vaxt unutmayacağıq. Yarışa hazırlaşanda rəqsin hərəkətlərini düzgün yerinə yetirmək bizim üçün ən böyük çətinlik olub. Sonda çempion olduq və həqiqətən də çəkdiyimiz zəhmətin bəhrəsini gördük”.
Onunla birgə çıxış edən həmkarı Milay Nağıyeva isə çətinliklərin öhdəsindən məşqlər sayəsində gəldiklərini bildirib:
"Hər idman növündə olduğu kimi gimnastikada da çətinlik çəkilən yerlər var. Məşqlər olmasa, öhdəsindən gələ bilməzdik. 1-ci yeri tutmaq bizim üçün çox sevindiricidir, bunu sözlərlə ifadə etmək mümkün deyil. Hər şeyi müəllimimizə və ailəmizə borcluyuq".
Gimnastların valideynləri Lamiyə Ağayeva Məryəm Nəbiyeva açıqlamalarında çox qürurlu hiss etdiklərini deyiblər:
"Mən bu uğura görə qızımın məşqçisi, Vəfa müəllimə çox minnətdaram. Onun əziyyəti nəticəsində birincilik əldə olunub. Bununla yanaşı Aylin də çox əzmkar və çalışqan idi. Ümid edirəm ki, irəliləyən illərdə, növbəti yarışlarda da birincilik qazanacaqlar".
"Biz ailə olaraq Milayın Gimnastika ilə məşğul olmasını çox müsbət qarşılamışıq və həmişə dəstək olmuşuq. Saat fərqi olmadan onu davamlı məşqlərinə aparmışıq. Onu səhnədən izləmək bizim üçün qürurvericidir".
Bu nəticənin əldə olunmasında böyük rolu olan məşqçi, Ümid İdman Klubunun xeoqrafı Vəfa Musayeva "İnformator.az" a açıqlama verib:
"Qızlar üç ildən artıqdır ki, bizim yanımızda məşq keçirlər. Onların əzmkarlığı, zəhmətkeşliyi bugünki gün töhfəsini verir. Gimnastlarımız Azərbaycan Rəqs Assosiasiyasının keçirdiyi çempionatlarda bir neçə dəfə birincilik qazanıblar. Mən bir məşqçi kimi buna çox sevinirəm. Heç bir qələbə əziyyətsiz, zəhmətsiz əmələ gəlmir, bu ailədən də asılıdır. Bizim çoxlu məşqlərimiz, əlavə dərslərimiz olub və təbii ki, gərgin iş prosesi, stresli günlər, saatlar, dəqiqələr nəhayət ki, bizi bu cür zirvəyə gətirib çıxardıb. Mən qızlarımın ailələrini təbrik edirəm. Mən onlara hər zaman inandığımı söyləmişəm. Bir məşqçi, xoreoqraf kimi gimnastlarımı daha böyük zirvələrdə, Gimnastika Federasiyasının daha böyük uğurlarında, layihələrində görmək istəyərəm. Ümid edirəm ki, Aylin və Milay öz zəhmətləri ilə bütün yüksəklikləri fəth edəcəklər".
Mövzu ilə bağlı idman jurnalisti, şərhçi Namiq Abbasov isə "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa Gimnastika Federasiyasının prezidenti bizim Gənclər və İdman Naziridirsə, o zaman Azərbaycanda gimnastikanın vəziyyəti necə olmalıdır? Təbii ki, də həmişə yüksək səviyyədə olub və inkişaf istiqamətində irəliləyir:
"Artıq gənc nəsil yetişir. Vaxt var idi ki, biz qıraqdan legioner gətirməli olurduq. Hələ də bir neçəsi fəaliyyət göstərir, amma onlarla birgə azərbaycanlı idmançılar da yetişir, onlar öz sözlərini deyirlər. Beynəlxalq turnirlərdə, Bakıda və yaxud ölkə xaricində keçirilən yarışlarda alınan nəticələr Azərbaycan gimnastikasının inkişafından xəbər verir. Bizim bədii gimnastlarımız da var ki, artıq azyaşlı, yeniyetmələr də inkişaf başlayıb, sereksiya keçir. Rayonlar üzrə müxtəlif bölmələr fəaliyyət göstərir. Onlar Bakıya gəlirlər, mütəmadi seminarlar keçirlər. Federasiyada bu iş düzgün bir istiqamətdə qurulub və öz yönündə davam edir, rəhbərlik yüksək səviyyəsində nəzarət edir, hər şey qaydasındadır".
Müsahibimizin sözlərinə görə, gənc idmançıların uğur qazanması üçün ilk növbədə əsas amil bacarıqlı məşqçi heyətinin olmasıdır və bizdə də o heyət var:
"Şəxsən özüm bunun şahidi olmuşam. Səbail rayonunda yerləşən gimnastika məktəbində uşaqlarla akrobatikadan tutmuş, idman gimnastikası, tamblinqi və s. qədər məşğul olunur. Bir də qeyd etmək istəyirəm ki, artıq batutda da, biz öz sözümüzü deyirik. O istiqamətdə də Azərbaycanı layiqincə təmsil edən idmançılar var və hər dəfə də onlar əzmkar işləri sayəsində uğurlu nəticələr əldə edirlər. Yəni amillərdən biri güclü, təcrübəli məşqçiheyətinin olmasıdır. İkinci amil; idman gimnastikası psixologiya ilə bağlı olan bir idman növüdür. Çünki burda yıxılmalar olur, müəyyən fənlərin icrası olur ki, uşaq vaxtından bu gözü qorxuda bilər. Bu onun gələcək inkişafına öz təsirini göstərəcək. Onun da gözünün qorxmaması üçün məşqçi elə işini düzüb qoşmalıdır ki, uşağın ilk addımından bu idman növündən qorxmasın. Bu mövzuda diqqətli olmaq vacibdir. Uğurun sirri birinci məşqçidə, sonra isə idmançının özündədir. Gimnast özü meylini bura yönəldəcəksə, inkişaf da o tərzdə gedəcək. Yox, səhlənkar olacaqsa: "Evdən çıxıram, məşqə gedirəm",- adı ilə evdəkiləri də aldadacaqsa, sonra gəlib müəllimi də başqa cür aldadacaqsa, ondan o sahənin adamı çıxmaz".
Zəhra Möhübbətova
