00:00:00
Yazar
Elmira Ağayeva
22.05.2026 20:26 33 2 dəq oxuma
İdman

Azərbaycan güləşçiləri Avropada iki qızıl medal qazanıb

Azərbaycan güləşçiləri Avropada iki qızıl medal qazanıb

 

Azərbaycanın sərbəst güləş üzrə U-15 millisinin iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 38 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Əmrahlı finalda estoniyalı Daniel Samueli 9:0 hesabı ilə məğlub edərək Avropa çempionu olub. 44 kq çəki dərəcəsində çıxış edən Paşa Aslan isə final görüşündə ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, iki qızıl medalın qazanılması ümumilikdə müsbət göstəricidir:

“Əlbəttə ki, biz hər zaman komandalarımızdan daha çox uğur gözləyirik. Lakin 15 yaş qrupunu nəzərə alsaq, bu mərhələ kifayət qədər çətin dövrdür. Bu yaşda keçirilən yarışlar daha çox təcrübə qazanmaq baxımından önəmlidir. Hesab edirəm ki, nəticələri müsbət dəyərləndirmək olar. Əsas məqsəd növbəti mərhələlərdə və yarışlarda daha uğurlu çıxış etməkdir. Gələcək baxımından isə qeyd etmək lazımdır ki, bu yaş dövründə əsas rol təcrübəyə məxsusdur, medalın əyarı həlledici deyil. Elə idmançılar var ki, uşaq yaşlarından qızıl medallar qazanır, lakin sonradan peşəkar səviyyədə, əsas komandalarda özünü doğrulda bilmir. Buna görə də bu medalları formal qiymətləndirirəm. Heç kim məyus olmasın, əsas yol hələ irəlidədir. Bu yaş qrupunda texniki və fiziki hazırlıqdan daha çox psixoloji balans vacibdir. İdmançı psixoloji cəhətdən hazır olmalı və özünü peşəkar idmançı kimi formalaşdırmalıdır. Məşqçilər də bu prosesdə mühüm rol oynayır. Peşəkar olmaq istəyən idmançı yalnız bu günlə yaşamamalı, gələcəyə baxmalıdır. Davamlı məşq, öz üzərində çalışma və rəqiblərdən geri qalmamaq gələcək üçün böyük perspektiv vəd edir”.

Mələk Hüseynova

#Azərbaycan #idman
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər