00:00:00
Yazar
Zəhra Həsənova
09.06.2026 20:09 135 2 dəq oxuma
Siyasət

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib - XİN

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib - XİN

İstanbulda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun, iqtisadi əməkdaşlığın, enerji və nəqliyyat sahələrində əlaqələrin əhəmiyyətini vurğulayaraq, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi regional layihələrin irəlilədilməsi istiqamətində ortaq öhdəliklərini bir daha təsdiqləyiblər. Görüşdə həmçinin Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən strateji əhəmiyyəti və regional sabitliyə töhfə verən təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir və bu əməkdaşlıq hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır:

 

“Qonşu və dost ölkə olan Gürcüstanla Azərbaycan arasında qarşılıqlı etimada və mehriban qonşuluğa əsaslanan münasibətlər regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilis-Qars dəmir yolu və Orta Dəhliz həm regional, həm də qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Bu layihələr hər iki ölkə üçün vacib reallıq olmaqla yanaşı, iqtisadi inkişafın təmin olunmasına da mühüm töhfə verir”.

 

Tural İrfan qeyd edib ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının regional təhlükəsizlik və sabitliyə müsbət təsiri yüksək qiymətləndirilməlidir:

 

“Regionda ümumi inkişaf, sülh və sabitliyə əsaslı töhfə verən bu amillər eyni zamanda iqtisadi inkişafı labüdləşdirən mühüm faktorlar sırasındadır. Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Gürcüstanın rolunun artması onların strateji əhəmiyyətini daha da yüksəldir və əməkdaşlığın gələcək perspektivlərdə daha da genişlənməsinə şərait yaradır. Bu isə təkcə Azərbaycan və Gürcüstan üçün deyil, bütövlükdə region üçün böyük fayda deməkdir”.

 

Fatimə Hüseynli

#strateji #edilib #baki #xi̇n
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər