Azərbaycan ilə BƏƏ-nin əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb - ŞƏRH
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurası sədrinin birinci müavini Tariq Altayer ilə görüşüb.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az” a açıqlamasında bildirib ki, bu əməkdaşlıq hər iki ölkə üçün yeni imkanlar yarada bilər:
“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı bu son görüş, təbii ki, qlobal miqyasda münaqişələrin artdığı bir dövrdə, sürətli şəkildə enerji böhranına doğru irəlilədiyimiz belə bir reallıqda xüsusi önəm kəsb edir. Çünki həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri enerji ölkələridir və onlar dünyanın bir sıra bölgələrinin, ölkələrinin, Avropanın, müəyyən mənada isə Asiya ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasında özünəməxsus rol oynayırlar. Ona görə də Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı danışıqların və ikitərəfli əlaqələrin gələcəkdə yaradacağı yeni imkanlardan danışarkən enerji məsələsini xüsusi diqqətdə saxlamalıyıq. Çünki qarşıdurmalar artdıqca, təzyiqlər yüksəldikcə siyasi arenada enerji təhlükəsizliyi məsələsi və bundan doğan enerji böhranı dövlətlərin xarici siyasətində əsas prioritetlərdən birinə çevrilir. Enerji ölkələri olan Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri də bu istiqamətdə enerji təhlükəsizliyinin təkcə özləri üçün deyil, qlobal miqyasda necə təmin olunması ilə bağlı addımlar ata, təkliflər irəli sürə və həyata keçiriləcək layihələrdə etibarlı tərəfdaş kimi çıxış edə bilərlər. Eyni zamanda, regional təhlükəsizlik məsələləri, ikitərəfli münasibətlər, çoxtərəfliliyə əsaslanan yeni dünya düzənində ölkələrin atacağı xarici siyasət addımları və bu kontekstdə əməkdaşlıq məsələləri də gələcəkdə yeni imkanlar yarada bilər.İkitərəfli münasibətlərin inkişaf etdirilməsi gələcəkdə hər iki ölkənin iqtisadi, siyasi, mədəni və hətta zərurət yaranarsa hərbi sahələrdə əməkdaşlığında mühüm rol oynaya bilər. Bu, bir təcrübə və etimad mühiti yarada, gələcəkdə tərəflərin bir-birinin bazarlarında ehtiyac duyduğu məhsullar və digər vasitələrlə təmsil olunmasına şərait yarada bilər. İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq təşkilatdır və öz ətrafında İslam dünyasını birləşdirir. Azərbaycanın əhalisinin böyük hissəsinin İslam dininə etiqad etməsi səbəbindən belə bir təşkilatda yer alması, İslam ölkələri ilə əlaqələrini gücləndirməsi və həmrəylik mühitində iştirak etməsi Azərbaycanın xarici siyasətdə izlədiyi çoxtərəfli və bərabərhüquqlu əməkdaşlıq siyasətinin daha məhsuldar hissəsinə çevrilə bilər. Bu, həm yeni tərəfdaşlar qazandırır, həm də ərəb dünyası kimi ciddi enerji və iqtisadi potensiala malik bir coğrafiya ilə qarşılıqlı faydalı münasibətləri genişləndirmək imkanı yaradır”.
Arzu Poladova