Azərbaycan-İran ikitərəfli münasibətləri müzakirə olunub- ŞƏRH
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Züriyə Qarayeva bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında dünən baş tutan telefon danışığı İran-ABŞ qarşıdurması başlayandan sonra mütəmadi xarakter alıb:
“Azərbaycan bu münaqişə dövründə İrana humanitar yardım göstərən azsaylı ölkələrdən biri olub. Həmçinin İran ərazisindən çıxan şəxslərin təxliyəsi ilə bağlı da Azərbaycan müəyyən tədbirlər görüb. Azərbaycan və İran arasında münasibətlər son iki ildə müəyyən qədər yumşalsa da, fundamental fikir ayrılıqları hələ də qalmaqdadır. Bunun əsas səbəbi İranın Azərbaycana münasibətdə yürütdüyü siyasətdir. İranda siyasi elitanın bir hissəsi hələ də Azərbaycanın müstəqilliyini tam qəbul etməkdə çətinlik çəkir və onun güclənməsində maraqlı deyil. Onlar hesab edirlər ki, Azərbaycanın güclü dövlətə çevrilməsi İranın maraqlarına ziddir. Belə bir Azərbaycan İranda yaşayan milyonlarla soydaşımız üçün cazibə mərkəzinə çevrilə bilər. Biz İranın bu siyasətini son 35 il ərzində müşahidə etmişik. Bir neçə gün əvvəl Ermənistanda keçirilən hərbi paradda İrandan alınan raket və digər sursatların nümayiş etdirilməsi də İranın Ermənistanla münasibətlərini və Azərbaycana yanaşmasını bir daha açıq şəkildə göstərdi. Azərbaycan isə İranla münasibətlərin normal olmasında maraqlıdır. Bunun üçün zəruri addımlar mütəmadi şəkildə atılır. Son münaqişə dövründə də Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışıqları davamlı xarakter daşıyıb.Belə əlaqələrin olması, problemlərin müzakirə edilməsi və onların həlli istiqamətində addımların atılması, şübhəsiz ki, müsbət haldır. Lakin tək bir telefon danışığı ilə münasibətlərin tam normallaşacağını və yeni mərhələyə keçəcəyini düşünmək doğru olmaz. Çünki İranın Azərbaycana münasibətdə mövcud siyasəti buna tam imkan vermir. Bu baxımdan son telefon danışığı müsbət hadisədir və münasibətlərin normallaşması baxımından əhəmiyyət daşıyır. Azərbaycan və İran arasında münasibətlərin normal olması Cənubi Qafqazda gedən proseslərə də müsbət təsir göstərə bilər. Lakin yaxın perspektivdə münasibətlərdə fundamental dəyişikliklərin baş verəcəyini düşünmürəm”.
Nurgün Qənizadə