Azərbaycan - Litva oyunu Bakıda keçiriləcək
Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək qarşılaşmanın keçirilmə məkanı dəyişdirilib. İlkin olaraq Gəncədə keçirilməsi planlaşdırılan oyunun tərəflər arasında aparılan əlavə müzakirələr və qarşılaşmanın təşkili ilə bağlı texniki-logistika məsələlərinin qiymətləndirilməsi nəticəsində Bakıda keçirilməsi qərara alınıb.
Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, doğma meydan amili qələbəyə gətirib çıxara bilər:
“Oyun Gəncədə keçirilməli idi, yəqin ki, belə məsləhət görüldü ki, qarşılaşma Bakıda keçirilsin. Bu, infrastruktur xərcləri və ya texniki məsələlərlə bağlı ola bilər. Amma inşallah, gələcəkdə əminəm ki, Azərbaycan milli komandası Gəncədə və digər regionlarımızda meydana çıxacaq və azarkeşləri sevindirəcək. Əvvəllər də regionlarda belə maraqlı və uğurlu görüşlərimiz olub. Bakıda keçirilməsinə gəldikdə isə, təbii ki, biz ev sahibi komandayıq və doğma azarkeşlər önündə oynayacağıq. Mən düşünmürəm ki, şəhərlər arasında hər hansı fərq olsun. Bakı, Gəncə, Naxçıvan, Lənkəran, mənim üçün heç bir fərqi yoxdur. Heç kim üçün də fərq etməməlidir. Əsas doğma azarkeşlər, əzm və istəkdir. Doğma azarkeşlər önündə oynayırsansa, oyuna 1:0 üstünlüklə başlayırsan deyə bir deyim var. Ona görə hesab edirəm ki, bu, bizim xeyrimizə işləyəcək amildir. Azərbaycan millisinin Litva ilə oyunda uğurlu nəticə qazanması üçün xüsusi diqqət yetirilməli məqamlara gəldikdə isə, ilk növbədə rəqibi yaxşı təhlil etmək lazımdır. Bildiyiniz kimi, Litva komandası son vaxtlar çox güclü və kompakt futbolu ilə seçilir. Eyni zamanda, əks-hücumlarda çox təhlükəlidirlər, sürətli futbol nümayiş etdirirlər. Futbolçularının çoxu artıq Avropada çıxış edir. Gənc futbolçuları da özlərini müsbət tərəfdən göstərə biliblər. Ona görə bütün bunlara diqqət yetirmək və rəqibi düzgün təhlil etmək vacibdir. Güman edirəm ki, milli komandamızın baş məşqçisi Ayxan Abbasov da rəqibi yaxşı təhlil edəcək. Bütün bunlar nəzərə alındıqdan sonra bizim işimiz müəyyən qədər asanlaşacaq və artıq öz oyunumuzu istədiyimiz kimi qura biləcəyik. Futbolçularımıza gəldikdə isə, onlar oyuna maksimum dərəcədə psixoloji cəhətdən yaxşı hazırlaşmalıdırlar. Hesab edirəm ki, onların psixoloji üstünlüyü və doğma meydan amili qələbəyə gətirib çıxara bilər. Amma rəqibi də, yenə deyirəm, gözardı etmək olmaz. Son vaxtlar çox yaxşı futbol nümayiş etdirirlər. Biz də rəqibi yaxşı təhlil edərək əks-hücumlarda kəsərli olmalı və standart vəziyyətlərdə yaranan fürsətləri boşa verməməliyik”.
Samirə Allahverdizadə