Azərbaycan minifutbol millisi Avropa çempionu olub
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub. Finalda Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edən komandanın qollarını Mirmehdi Rzayev və İsa Atayev vurub. Beləliklə, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv 2022-ci ildən sonra ikinci dəfə Avropa çempionu adını qazanıb.
Mövzu ilə bağlı idman şərhçisi Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan minifutbol üzrə milli komandası növbəti böyük uğura imza atdı və artıq bu, təsadüfi deyil, məntiqi işin davamıdır, məntiqi nəticədir:
“Azərbaycan yığma komandası minifutbol dünyasının ən yaxşılarındandır, dünya reytinqinə rəhbərlik edən komandadır. Dünya minifutbolunda dəbi müəyyənləşdirən komandadır, yəni biz bu idman növündə dünyanın ən yaxşılarından biriyik və ya daha əvvəlki yox, hal-hazırda ən birincisiyik.
Təsadüfi uğur deyil, çünki bu, bura qədər komanda mərhələli şəkildə gəlib. Əvvəlcə Avropa çempionatlarında, dünya çempionatında sadəcə iştirak eləmək, yavaş-yavaş sonradan nəticə verib müəyyən yarımfinallara qədər gəlib çıxmaq, sonra Avropa çempionu olmaq, ardınca dünya çempionu olmaq və indi də yenidən Avropa çempionu olaraq səviyyəsini sübut eləmək baş verib. Bu məntiqi nəticədir, çünki Azərbaycanda minifutbolun inkişafı üçün lazım olan işlər görülür, yəni işə çox ciddi və peşəkar yanaşma var. Bu peşəkar yanaşma milli komandaya seçilən futbolçuların seçimlərində seleksiyanın doğru aparılması, onlara yaradılan şəraitin doğru həyata keçirilməsi, onların inkişafı üçün atılmalı olan addımların hamısının lazımi şəkildə həyata keçirilməsi səbəbindən mümkün olub.
Yəni Azərbaycanda Azərbaycan Minifutbol Federasiyası bu idman növünün inkişafı üçün lazım nə lazımdırsa, onu doğru addımlar ataraq edir və nəticəsi də ortadadır. Mən düşünürəm ki, bu qələbə təkcə həmin milli komandada iştirak eləyən futbolçuların özü üçün yox, ümumilikdə Azərbaycan həm də böyük futbolu üçün, futzal üçün, ümumiyyətlə bütün idman növləri üçün bir müsbət bir təkan rolunu oynayacaq. Çünki uşaqlarımız, gənclərimiz bu televiziyada gördüyü, internetdə gördüyü bu komandanın, qələbəsinə sevindiyi bu komandanın içində olmaq istəyəcəklər. Onlar da uğur qazanmaq istəyəcəklər. Həmin bu futbolçulara özlərindən nümunə götürəcəklər və idmana yönələcəklər. Futbola, minifutbola yönələcəklər. Bunu da ancaq alqışlamaq olar, bunu ancaq dəstəkləmək olar. Belə qələbələrin davam etməsi üçün hər cür imkan, hər cür şərait var və belə də davam eləyəcək”.
Mələk Hüseynova