00:00:00
Yazar
Zəhra Həsənova
26.06.2026 21:55 22 2 dəq oxuma
Siyasət

Azərbaycan NATO ilə əməkdaşlığın inkişafını müzakirə edib - ŞƏRH

Azərbaycan NATO ilə əməkdaşlığın inkişafını müzakirə edib - ŞƏRH

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüş keçirib.

 

Hikmət Hacıyev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olaraq müxtəlif əməkdaşlıq istiqamətləri üzrə mühüm nəticələr əldə edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki, Azərbaycan ilə NATO arasında əməkdaşlığın təməli hələ 1990-cı illərin ortalarından etibarən formalaşan "Sülh naminə tərəfdaşlıq" proqramı ilə qoyulub:

 

"Həmin dövrdən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bu prosesdə NATO-nun aparıcı üzvlərindən biri olan qardaş Türkiyənin ordu modelinin ölkəmizdə tətbiq edilməsi və bu modelə keçidin təmin olunması müasir, qüdrətli Azərbaycan Ordusunun formalaşmasında müstəsna rol oynayıb.
​Azərbaycanın Alyansla tərəfdaşlığı təkcə ilkin proqramlarla məhdudlaşmır; əksinə, həmin layihələr genişmiqyaslı əməkdaşlığın əsasını təşkil edir. Sonrakı dövrlərdə Azərbaycan hərbçiləri NATO-nun sülhyaratma missiyaları çərçivəsində Kosovo və Əfqanıstanda, həmçinin digər beynəlxalq təşəbbüslər çərçivəsində İraqda keçirilən sülhməramlı əməliyyatlarda yaxından və fəal iştirak edib. Bütün bunlar ölkəmizin müstəqilliyinin ilk illərindən bəri formalaşan zəngin və uzunmüddətli əməkdaşlıq təcrübəsinin göstəricisidir.​ Bu gün Azərbaycan-NATO əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, şübhəsiz ki, qlobal və regional miqyasda artan yeni hərbi təhdidlər və risklərlə birbaşa bağlıdır. Azərbaycan hazırda Avropa regionunun və Avropa İttifaqının təkcə iqtisadi-enerji təhlükəsizliyi baxımından deyil, həm də regional hərbi təhlükəsizlik kontekstində etibarlı və vacib tərəfdaşlarından biridir. Bu baxımdan, NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə keçirilən son görüşlər, aparılan müzakirələr və əldə olunan razılaşmalar ikitərəfli münasibətlərin gələcək konturlarını müəyyən etmək baxımından böyük önəm daşıyır. ​Hərbi və təhlükəsizlik sahələri təbiəti etibarilə yüksək məxfiliyi tələb etdiyindən, bu növ görüşlərdə müzakirə olunan bütün detallar ictimaiyyətə tam xırdalıqları ilə açıqlanmır. Buna baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyev ilə NATO-nun regional xüsusi nümayəndəsi arasındakı təmaslar mühüm mesajlar verir. Bu görüşlərin mütəmadi keçirilməsi tərəfdaşlığın formal və ya sadəcə protokol xarakterli olmadığını sübut edir. Bu dialoqlar mövcud geosiyasi vəziyyətin dərindən dəyərləndirilməsinə və gələcək yeni əməkdaşlıq imkanlarının geniş şəkildə müzakirəsinə xidmət edir".

 

Aişə Mustafayeva

#Azərbaycan #NATO #müharibə #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər