00:00:00
Yazar
Lalə Qafarova
02.06.2026 22:16 23 2 dəq oxuma
Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olunub

Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olunub

 

Bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib. 

"Yaxın dialoqumuzun davam etdirilməsini səbirsizliklə gözləyirəm və Sizi münasib vaxtda Latviyaya rəsmi səfərə dəvət etməkdən məmnunluğumu ifadə edirəm" , -  deyə məktubda vurğulanıb.


Mövzu ilə bağlı "İnformator.az"a politoloq Tural İrfan bildirib ki, Latviya ilə Azərbaycan arasında əlaqələr mövcuddur və bu münasibətlər daha da inkişaf etməkdədir:


"Qarşılıqlı münasibətlərin inkişafı müstəqilliyin ilk illərinə dayanır. Həm Azərbaycan Respublikasının Milli Məclisində, həm də Latviya Seymində qarşılıqlı parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Deputatlar Avropa Şurası və digər beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyən birgə bəyanatlarla çıxış edirlər. İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mütəmadi olaraq iclaslar keçirir. Ölkələr arasında ticarət dövriyyəsinin artırılması üçün logistika, kənd təsərrüfatı, informasiya texnologiyaları və qida sənayesi sahələrində aktiv tərəfdaşlıq həyata keçirilir. Azərbaycanın bərpa olunan enerji layihələri və regional nəqliyyat dəhlizləri, Mərkəzi Asiya və Avropa arasında körpü rolunu Latviya böyük maraqla qarşılayır. Latviya, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin genişləndirilməsini, həmçinin enerji təhlükəsizliyi çərçivəsində strateji tərəfdaşlıq sazişlərini aktiv şəkildə dəstəkləyən Avropa ölkələrindən biridir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin Latviyaya rəsmi səfərə dəvət edilməsinin müstəsna əhəmiyyəti var. Eyni zamanda Qarabağ zəfərindən sonra Azərbaycana olan rəğbətin nəticəsi bir çox ölkə kimi Latviyanın timsalında da özünü göstərir. Səfər çərçivəsində siyasi, iqtisadi münasibətlərin inkişafı yönündə müstəsna yeniliklər ola bilər. Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin inkişafında Latviyanın müsbət rolu ola bilər".

 

Reyhan Qulizadə

#olunub #latviyaya #səfərə #azərbaycan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər