Azərbaycan Qolf Federasiyasının rəhbərliyində yeniliklər
Azərbaycan Qolf Federasiyasının ümumi yığıncağında bir sıra yeniliklər həyata keçirilib. Federasiyanın Nizamnaməsi yeni redaksiyada təsdiqlənib, eyni zamanda rəhbər heyətdə dəyişikliklər edilib və növbəti 4 il üçün yeni idarəetmə strukturu formalaşdırılıb.
Mövzu ilə bağlı Azərbaycan Qolf Federasiyasının baş katibi Arif Novruzov "İnformator.az"a açıqlamasında deyib ki, baş verən hər dəyişikliyin kökündə inkişaf var:
"Qolf idmanı artıq ölkəmizdə yavaş-yavaş populyarlıq qazanır və qolf 2016-cı ildən etibarən olimpiya oyunlarına daxil edilib. Əsas yeniliklər məktəblərlə bağlıdır. 2026-cı ildən etibarən artıq Azərbaycan Qolf Federasiyası 3 məktəblə əməkdaşlıq etməyə başlayır. Onlardan ikisi özəl, biri isə dövlət məktəbidir: Avropa Azərbaycan Məktəbi, Buckswood School və 172 saylı tam orta məktəb".
Müsahibin sözlərinə görə, buradakı əsas məqsəd uşaqlar arasında bu idmanı daha da populyar etmək və gələcəyin çempionlarını, medalçılarını kəşf etməkdir:
"Azərbaycanda qolfun daha da geniş yayılması üçün bir neçə mühüm addımlar atmaq lazımdır. Az öncə vurğuladığım kimi məktəblər və uşaqlar idmanın inkişafında fundamental önəm daşıyır. Hazırda Azərbaycanda iki professional qolf meydançası mövcuddur. Bunlar Bakıda və Qubadadırlar. Bu idman növü getdikcə populyarlıq qazansa, düşünürəm ki, növbəti 10 illiklərdə digər regionlarda da qolf meydançası tikmək olar. Hər işdə olduğu kimi tələbdən çox şey asılıdır. Tələb olarsa, inkişaf mütləqdir".
