00:00:00
Yazar
Zəri Bayramlı
05.06.2026 23:49 21 2 dəq oxuma
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika müşahidə olunur

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika müşahidə olunur

Sankt-Peterburq İqtisadi Forumunda keçirilən Rusiya-Azərbaycan biznes dialoqunda iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub. Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Bakı ilə Moskva arasında münasibətlərin normallaşmasının aktiv mərhələdə olduğunu bildirib. O, iyulda Ceyhun Bayramovun Moskvaya səfərinin və bir sıra birgə tədbirlərin planlaşdırıldığını qeyd edib. Tədbirdə həmçinin ticarət, investisiya və biznes əməkdaşlığında müsbət dinamika vurğulanıb.

 


Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin normallaşması istiqamətində son dövrlər qarşılıqlı müsbət addımlar və bəyanatlar müşahidə olunur:


“Azərbaycan Rusiya ilə münasibətlərin normallaşmasında və inkişafında daim maraqlı tərəf kimi çıxış edərək bu istiqamətdə lazımi addımları atır. Dünyanın ən böyük və nüfuzlu dövlətlərindən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya həm də Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Son illərdə ikitərəfli əlaqələrdə yaranan soyuqluq Rusiyanın Azərbaycan təyyarəsini vurmasından sonra qeydə alınıb. Rusiya normal bir dövlət kimi üzr istəmək, təzminat ödəmək və günahkarları cəzalandırmaq barədə Azərbaycanın haqlı tələblərini uzun müddət yerinə yetirməkdən yayınıb. Yalnız bu addımlar atıldıqdan sonra münasibətlərin inkişafı istiqamətində müəyyən işlər görülüb. 

Son aylarda isə Rusiyanın Ermənistanla münasibətlərinin pisləşməsi fonunda Bakıya yönəlik müsbət bəyanatlar səslənir. Rəsmi Moskva Ermənistandan idxal edilməyən kənd təsərrüfatı məhsullarının Azərbaycandan alınacağını bildirir, ölkəmizi Avrasiya İqtisadi Birliyinə dəvət edir və bu prosesdə kömək göstərməyə hazır olduğunu vurğulayır. Halbuki Azərbaycan bu birliyə daxil olmaq istəyini ifadə etməyib. Xarici İşlər Nazirinin səfəri və gələcəkdə nəzərdə tutulan digər tədbirlərin də əlaqələrin yaxşılaşmasına xidmət edəcəyi gözlənilir”.



Siyasi şərhçi qeyd edib ki, münasibətlərin gələcəyi Rusiyanın davranışından asılıdır və Azərbaycan həm əməkdaşlığı davam etdirməli, həm də öz təhlükəsizliyini gücləndirməlidir:

 


“Ümumilikdə, proseslərin gələcək axarı Rusiyanın atacağı addımlardan asılıdır. Əgər Rusiya normal dövlət kimi davranaraq qonşu ölkələrin müstəqil siyasət yürütmək hüququnu tanıyarsa, münasibətlər normal olacaq, əks halda isə arzuolunmaz halların yaşanması istisna edilmir. 

Hazırda Rusiyanın normal dövlətə çevrildiyini söyləmək çətindir və bu təhlükə keçmiş ittifaq respublikalarının hər biri üçün aktual olaraq qalır. Bu səbəbdən Azərbaycan bir tərəfdən münasibətlərin yaxşılaşması istiqamətində zəruri addımlar atmalı, digər tərəfdən isə özünü qorumaq barədə düşünməlidir”.


Aydan Əsgərxanlı

#müşahidə #əlaqələrində #olunur #gündəm #azərbaycan-rusiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər