Azərbaycan trek yığması Avropa çempionatına hazırlaşır
Azərbaycanın trek üzrə yığma komandası iyulun 7–12-də Almaniyanın Kottbus şəhərində keçiriləcək gənclər və U-23 yaş kateqoriyaları üzrə Avropa çempionatında mübarizə aparacaq. Yığma yarışa yeddi idmançı ilə yollanır. Bu çempionat Azərbaycan trek velosipedi üçün daha bir yeniliklə yadda qalacaq. Belə ki, ölkəmiz ilk dəfə gənc qız idmançı ilə qitə çempionatında təmsil olunacaq.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, trek idman növündə rəqabət olduqca sərtdir və digər növlərlə müqayisədə bəzən daha ciddi xarakter daşıyır:
"Gənc qızımızın bu yaşda belə bir nüfuzlu yarışda iştirak etməsi olduqca əlamətdar bir hadisədir, çünki bu bir ilkdir. Yeniyetmə və gənc idmançılarımızın beynəlxalq arenalara çıxması bu idman növünün ölkəmizdəki inkişafına yalnız müsbət təsir göstərə və ona böyük təkan verə bilər. Gənc qızların belə yarışlarda gücünü sınaması digər xanım idmançılar üçün gözəl bir nümunədir. Bu addım trek velosipedi ilə məşğul olmaq istəyən digər gənclərimiz üçün də ciddi bir stimul rolunu oynayacaq. Əslində, bu yarışda idmançımızdan çox böyük və ya mütləq bir qələbə gözləmirik. Çünki o, hələ çox gəncdir və təcrübəsi kifayət qədər deyil. Digər tərəfdən, trek idman növündə rəqabət olduqca sərtdir və digər növlərlə müqayisədə bəzən daha ciddi xarakter daşıyır. Burada iştirakçı sayı az olsa da, arenaya yalnız ən güclülər yığışır. Hesab edirəm ki, idmançımız bu gərgin rəqabətdə ilk 15-liyə, ilk 10-luğa düşə bilsə, bunu böyük bir uğur kimi qiymətləndirmək olar. Çünki oradakı rəqabət həqiqətən ən yüksək səviyyədədir. Azərbaycan Velosiped Federasiyası da bu istiqamətdə mühüm işlər görür, idmanın bu növünün inkişafı üçün ciddi addımlar atır. Gənc qızımızın belə bir mötəbər yarışa göndərilməsi və onun iştirakının yüksək səviyyədə təmin edilməsi də məhz bu məqsədyönlü fəaliyyətin bariz nümunəsidir. Bu təcrübə gələcəkdə trek velosipedinin inkişafına veriləcək ən böyük töhfələrdən biridir. İdmançımız burada böyük təcrübə qazanacaq və növbəti illərdə, yuxarı yaş qruplarında, böyüklər arasındakı yarışlarda, həm qitə, həm də dünya çempionatlarında daha uğurlu çıxış etmək şansı əldə edəcək. Qazanılan hər bir təcrübə onun gələcəkdə daha inamlı və istəkli yarışmasına zəmin yaradacaq. Eyni zamanda, bu cür beynəlxalq çıxışlar Avropanın idman ictimaiyyətinin diqqətini yenidən Azərbaycana yönəldəcək. Hər kəs bir daha şahid olacaq ki, Azərbaycanda istedadlı idmançılar var, həmişə olub və bu estafeti davam etdirən yeni nəsil yetişməkdədir".
Samirə Allahverdizadə