"Azərbaycan-Türkiyə əməkdaşlığı regionda müəyyən çəkindirici faktor rolunu oynayır" - ŞƏRH
Azərbaycan və Türkiyənin Xarici İşlər Nazirləri arasında keçirilən görüşdə regionda artan gərginlik, təhlükəsizlik riskləri və iki ölkə arasında siyasi əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər bölgədə sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirir ki, son hadisələr regionda təhlükəsizlik risklərini artırdığı üçün Azərbaycan və Türkiyə arasında bu tip məsləhətləşmələr xüsusi əhəmiyyət daşıyır:
“Son günlər baş verən hadisələr regiondakı gərginliyin nə qədər ciddi olduğunu göstərir. Məlum olduğu kimi, Azərbaycanın Naxçıvan Muxtar Respublikası bölgəsinə dron zərbələri endirilməsi ilə bağlı məlumatlar yayılıb. Türkiyə istiqamətində isə artıq ikinci dəfədir balistik raketlərin atılması faktı qeydə alındı və bu raketlər havada zərərsizləşdirilib. Bütün bunlar onu göstərir ki, ABŞ və İsrailin İrana qarşı hücumları və İranın buna cavab zərbələri regionda daha geniş qarşıdurma riskini artırır. Belə bir şəraitdə bəzi qüvvələr münaqişənin miqyasını genişləndirməyə çalışır və müəyyən mənada Azərbaycanla Türkiyəni də prosesə cəlb etmək cəhdləri müşahidə olunur. Bakı və Ankara bu proseslərə qarşı koordinasiyalı şəkildə hərəkət etməyə çalışır. Azərbaycan və Türkiyə artıq Şuşa Bəyannaməsi çərçivəsində rəsmi müttəfiq dövlətlərdir. Bu sənədə əsasən iki ölkə təhlükəsizlik məsələlərində bir-birinə dəstək verir. Ona görə də tərəflərdən birinin ərazisinə yönəlmiş təhlükə dolayısı ilə digərinə də təsir göstərmiş sayılır. Məhz bu baxımdan xarici işlər nazirləri səviyyəsində aparılan istişarələr çox vacibdir. Bu görüşlərdə regiondakı vəziyyət, mümkün risklər və gələcəkdə atıla biləcək addımlar müzakirə olunur”.
Politoloq hesab edir ki, tərəflərin əsas məqsədi regiondakı qarşıdurmadan kənarda qalmaqdır:
“Görünən odur ki, Bakı və Ankara münaqişənin tərəfinə çevrilmək istəmir. Əksinə, tərəflər mümkün riskləri minimuma endirmək və regionda sabitliyin qorunmasına töhfə vermək üçün addımlar atmağa çalışırlar. Hesab edirəm ki, bu istiqamətdə müəyyən razılaşmalar da var. Xüsusilə İran istiqamətindən yarana biləcək təhlükələrin neytrallaşdırılması və mümkün gərginliyin Azərbaycan və Türkiyə ərazilərinə keçməsinin qarşısının alınması əsas müzakirə mövzularından biridir. Regional təhlükəsizlik məsələləri də görüşün əsas gündəm mövzularından biri olub. İki ölkə arasında aparılan müzakirələrdə risklərin artması, gərginliyin genişlənməsi ehtimalı və bu risklərdən necə sığortalanmağın mümkün olduğu kimi məsələlər müzakirə edilib. Təbii ki, bu görüşlərin bütün detalları ictimaiyyətə açıqlanmır. Amma demək olar ki, həm Azərbaycan, həm də Türkiyə regionda baş verən prosesləri diqqətlə izləyir və bu proseslərin bir parçasına çevrilməmək üçün balanslı siyasət yürütməyə çalışır. Azərbaycan-Türkiyə əməkdaşlığı regionda müəyyən çəkindirici faktor rolunu oynayır. Bu iki ölkə arasında strateji əməkdaşlıq artıq regionda ciddi siyasi və təhlükəsizlik faktoru hesab olunur. Düşünmürəm ki, İran, İsrail və ya digər böyük aktorlar Azərbaycan və Türkiyə ilə birbaşa qarşıdurmaya getmək istəsinlər. Hər iki ölkə hazırda əsasən prosesləri diqqətlə izləyir və mümkün təxribatların qarşısını almağa çalışır. Əgər gələcəkdə hansısa təhlükə və ya təxribat baş verərsə, təbii ki, buna cavab veriləcək. Amma hazırkı mərhələdə əsas məqsəd münaqişədən maksimum dərəcədə kənarda qalmaq və regionda sabitliyin qorunmasına töhfə verməkdir”.
Ayşə Müzəfərli