İordaniya ilə vizasız rejim təsdiqlənib: Turizm və iqtisadiyyatda yeni mərhələ
Milli Məclisin növbədənkənar iclasında "Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasportları sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında" sazişin təsdiq olunması barədə qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.
Mövzu ilə bağlı "İnformator.az" a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycan bir çox ölkə ilə vizadan azad edilməsi haqqında sazişlər imzalayıb:
"İordaniya ilə Azərbaycan arasında əlaqələr sürətli şəkildə inkişaf edir və iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, fikir mübadiləsi, tez-tez yaradılan əlaqələr, eyni zamanda İordaniya və Azərbaycan iş adamları arasında həyata keçirilən layihələr bu əlaqələrin inkişafına böyük töhfələr verir. Ərəb ölkələri ilə ümumi şəkildə viza əlaqələrinin sadələşdirilməsi olduqca mühüm addımdır və investorların ölkəmizə axınını sürətləndirəcək vasitədir. İordaniya olduqca zəngin, geniş tarixi əlaqələrə malik bir ölkədir və Azərbaycanla kifayət qədər geniş əlaqələri var. Kral Abdullah və cənab Prezident İlham Əliyev arasında çox yaxın münasibətlər var və ölkələr arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir. Vizanın ləğv edilməsi, əlbəttə ki, mütərəqqi bir hadisədir və bu hadisədən, hər iki tərəf, həm Azərbaycan, həm İordaniya ciddi xeyir götürəcək".
Xədicə İsmayılova