Azərbaycan U-17 millisi Maltaya qarşı heç-heçə edib
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda Malta yığması ilə 2:2 hesablı heç-heçə edib. U-17 yığması B Liqasının 2-ci qrupunda əvvəlki oyunlarda da Bolqarıstan (1:1) və Litva (0:0) ilə bərabərə qalıb.
Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, 17 yaşadək futbolçularımız Avropa çempionatının seçmə mərhələsində ikinci oyunda da heç-heçə ediblər:
“Eyni zamanda, Bolqarıstanla oyun da bərabərliklə başa çatıb. Etiraf etmək lazımdır ki, bu, yaxşı nəticədir.Hazırkı mərhələdə gənc futbolçularımız uduzmur və mübarizə aparırlar. Onlar əsas keyfiyyətlərini ortaya qoyur, əzmkarlıq nümayiş etdirirlər. Futbolda hər zaman məğlubiyyət olmur və bu cür nəticələr gənc oyunçuları psixoloji cəhətdən də möhkəmləndirir. Bu, növbəti oyunlarda üç xal uğrunda daha inamla mübarizə aparmaq üçün önəmli amildir. İnkişaf yalnız qələbələrlə ölçülmür. Əsas olan düzgün istiqamət, keyfiyyətli məşq prosesi və müasir futbol biliklərinə yiyələnməkdir. Bu amillər mərhələ-mərhələ öz nəticəsini göstərir. Nəzərə alsaq ki, 17 yaş peşəkar futbolun astanasında olan bir dövrdür, futbolçular artıq daha məsuliyyətli düşünməli və üzərlərində ciddi şəkildə işləməlidirlər”.
Ekspertin fikrincə, beynəlxalq yarışlarda iştirak vacib və labüddür:
“Xarici rəqiblərlə oynamaq təcrübəni artırır, futbolçulara fərqli futbol fəlsəfələrini görmək imkanı yaradır. Belə turnirlərdə nə qədər çox iştirak edilsə, gənc futbolçuların dünyagörüşü və futbol bilikləri bir o qədər artar. Bu isə gələcək üçün ümidverici amillərdən biridir”.
Mələk Hüseynova