Azərbaycan U-17 millisi Qazaxıstanla iki yoxlama oyunu keçirəcək
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası iyunun 1-10-da Qəbələdə təlim-məşq toplanışında olacaq. Hazırlıq çərçivəsində U-17 millimiz Qazaxıstanın müvafiq yaş qrupu ilə iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar iyunun 6 və 9-da, saat 17:30-da Qəbələ şəhər stadionunda baş tutacaq.
Mövzu ilə bağlı idman şərhçisi Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, U-17 yığma komandamızın təlim-məşq toplanışı özü ayrılıqda, eyni zamanda da rəqib olaraq Qazaxıstanla oynaması, iki matç keçirməsi xüsusi əhəmiyyət daşıyır:
“Çünki təlim-məşq toplanışları özü-özlüyündə belə yarışlara hazırlıq baxımından çox vacibdir. Burda baş məşqçi öz ideyalarını oyunçulara aşılaya bilir, eyni zamanda bu milli komanda olduğuna, bu futbolçular hərəsi bir klubdan gəldiyinə görə və milli komandada çox nadir hallarda bir yerdə olduqlarına görə, bu təlim-məşq toplanışında bir-birlərini öyrənmək, bir-birlərinə öyrəşmək, daha çox oyun təcrübəsi və eyni zamanda uyğunluq, adaptasiya keçmək baxımından yaxşı bir şans əldə eləyirlər. Və sadəcə məşqlə də iş keçmir, yəni rəqib də olmalıdır, heç olmasa uyğun bir rəqib olmalıdır ki, məşqçinin ideyalarının meydanda necə həyata keçdiyini sına-sınamaq, yoxlamaq mümkün olsun. Qazaxıstan da yaxşı komandadır və bu komandanın da heyətində yaxşı futbolçular var. Ona görə də onlarla yoldaşlıq görüşlərinin keçirilməsi ancaq komandamızın xeyrinə ola bilər. Düşünürəm ki, bu təlim-məşq toplanışındakı təcrübə komandaya ancaq müsbət təsir eləyə bilər”.
Mələk Hüseynova