Azərbaycan UEFA reytinqində 26-cı yerdə qalıb
UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın ÇSKA ilə qolsuz heç-heçəsi Azərbaycana UEFA reytinqində 0,125 xal qazandırıb. “Zirə”nin Konfrans Liqasında “Payde”yə 0:1 hesabı ilə uduzması isə reytinqə təsir etməyib. Azərbaycan 20,437 əmsalla 26-cı pillədə qərarlaşıb.
Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, növbəti oyunda hökmən qələbə lazımdır ki, xal sayımız artsın və UEFA xal turnir cədvəlində bizim inkişafımız, yüksəlişimiz alınsın:
“26-cı pillədə olmağımız açıq narahatlıq doğurur bizim üçün. Çünki ilk turda yüksək nəticə əldə elədik, ama ikinci tur ilk oyuna görə uğursuz alınıb. Biz daha da irəli sıralara gedib, daha çox şans qazanmalıyıq ki, klublarımız da Avrokuboklarda daha üst mərhələlərdən çıxış edə bilsin. Ona görə hökmən qələbələr lazımdır.
Dünənki oyundan sonra şanslar xeyli çətinləşib. hesab edirəm ki, gedişin bu yerdə olması biraz işləri korlayacaq. Hökmən qələbə, irəliləyiş lazımdır. Yəni bərabərlik də olsa, xal qazanmalıyıq ki, növbəti klublarımız Azərbaycanı qrup mərhələsində, liqa mərhələsində təmsil etsin.
Hesab edirəm ki, ehtimal yenə də var. Sabahdan ümidimizi üzməyək, "Qarabağ"a inamımız var. "Zirə" də indi cavab oyununda qələbə qazansa, şanslar yenə də artacaq. "Araz-Naxçıvan" haqqında biraz demək çətindir, çünki 4:2 hesabı ilə məğlub olub. Növbəti oyundan sonra artıq biz müəyyən fikir irəli sürə bilərik."
Mələk Hüseynova