Azərbaycan və Almaniya strateji tərəfdaşlıq münasibətlərində yeni mərhələ
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə imzalanıb. Sənəd siyasi, iqtisadi, enerji, təhlükəsizlik, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Ekspertlərin fikrincə, bu addım Azərbaycan-Almaniya münasibətlərini yeni mərhələyə yüksəldir və Azərbaycanın Avropa ilə tərəfdaşlığını daha da gücləndirir.
Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki,
Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin imzalanması münasibətlərin daha sistemli və uzunmüddətli əsasda inkişafına imkan yaradır:
“Sənəd siyasi dialoqun intensivləşdirilməsi ilə yanaşı, qarşılıqlı investisiyaların artırılması, ticarət əlaqələrinin genişləndirilməsi, sənaye və texnologiya sahəsində birgə layihələrin həyata keçirilməsi üçün yeni hüquqi-siyasi çərçivə formalaşdırır. Xüsusilə, enerji təhlükəsizliyi, bərpa olunan enerji, yaşıl hidrogen, nəqliyyat-logistika, elm və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Almaniyanın Avropanın aparıcı iqtisadi və texnoloji güclərindən biri olması Azərbaycan üçün qabaqcıl texnologiyaların, yeni investisiyaların və idarəetmə təcrübəsinin cəlb edilməsinə şərait yarada bilər. Eyni zamanda Azərbaycan Almaniya üçün etibarlı enerji tərəfdaşı, Cənubi Qafqazda sabitlik amili və Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əsas iştirakçılarından biri kimi çıxış edir”.
Politoloqun sözlərinə görə, Almaniya ilə münasibətlərin strateji səviyyəyə yüksəlməsi Azərbaycanın bütövlükdə Avropa İttifaqı ilə əlaqələrinə də müsbət təsir göstərə bilər:
“Almaniya Aİ daxilində həm siyasi qərarların qəbulunda, həm də iqtisadi və enerji siyasətinin müəyyənləşdirilməsində mühüm rola malikdir. Buna görə Berlinlə qarşılıqlı etimada əsaslanan əməkdaşlığın dərinləşməsi Azərbaycanın Avropa institutları ilə dialoqunun güclənməsinə, enerji və nəqliyyat layihələrinə daha geniş dəstək verilməsinə, həmçinin Avropa şirkətlərinin Azərbaycana marağının artmasına şərait yarada bilər. Bu tərəfdaşlıq Azərbaycanın Avropaya yalnız enerji ixrac edən ölkə deyil, regional sülhə, enerji təhlükəsizliyinə, nəqliyyat bağlantılarına və iqtisadi şaxələndirməyə töhfə verən strateji aktor kimi təqdim edilməsini gücləndirir. Beləliklə, imzalanan sənəd Azərbaycan-Almaniya münasibətləri ilə yanaşı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının da daha praqmatik və çoxşaxəli mərhələyə keçməsinə xidmət edə bilər”.
Mələk Hüseynova