Lavrov: Rusiya danışıqların aparılması üçün hərbi əməliyyatları dayandırmayacaq
"İnformator.az" "RBK" ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunmuş iclasında bildirib.
Lavrovun sözlərinə görə, Moskva “davamlı və ədalətli sülhə” nail olmaq üçün danışıqlara hazırdır, lakin atəşkəs deyil, münaqişəyə son qoyacaq uzunmüddətli sülh sazişinin bağlanmasının tərəfdarıdır.
Rusiya XİN rəhbəri iddia edib ki, 2015-ci il Minsk razılaşmaları yerinə yetirilsəydi, Ukrayna Krım istisna olmaqla 1991-ci il sərhədləri daxilində qalardı. O, razılaşmaların həyata keçirilməsinə Avropanın mane olduğunu bildirib.
Lavrov, həmçinin Ukraynada rus dilinin vəziyyətini tənqid edib və Kiyevdə nasist Almaniyası ilə əməkdaşlıq etmiş şəxslərin yenidən dəfn olunmasını “Ukraynanın nasistləşdirilməsinin kulminasiyası” adlandırıb.
Nazir ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya son səfərləri zamanı Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanmasında maraqlı olduğunu təsdiqlədiklərini də bildirib.
Lavrovun sözlərinə görə, Tramp 2025-ci ilin avqustunda Ankoricdə Rusiya tərəfi ilə görüş zamanı uzunmüddətli sülhə nail olunması mövqeyini bölüşüb.