“Azərbaycan və BƏƏ arasında əməkdaşlıq dərinləşir”-ŞƏRH
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri hazırda geniş iqtisadi imkanlara malik olan ölkədir:
“Xüsusilə son zamanlarda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində çox mühüm yeniliklərə imza atılıb. Birləşmiş Ərəb Əmirlikləri investisiyaların istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən ölkələrdən biridir. Bu ölkə Körfəz regionunun əsas dövlətlərindən sayılır və neft ixracından böyük gəlirlər əldə edir. Son dövrlərdə Azərbaycana da ciddi maraq göstərir. İşğaldan azad edilmiş bölgələrdə yeni infrastruktur layihələrinin həyata keçirilməsinə böyük investisiyalar yatırılması mümkündür. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycandan da bəzi sahələr üzrə təcrübə öyrənməkdə maraqlıdır. Məsələn, ASAN Xidmət layihəsi bu ölkə üçün olduqca cəlbedici nümunə hesab olunur. İki ölkə arasında geniş əməkdaşlıq imkanları mövcuddur və münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensial var. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə və digər ərazilərinə investisiyaların cəlb edilməsi istiqamətində də addımlar atıla bilər. Bu da gözlənilən proseslərdən biridir. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr liderlər səviyyəsində formalaşmış dostluq münasibətləri və son illərdə həyata keçirilən birgə layihələr sayəsində getdikcə möhkəmlənir. Bu münasibətlərin inkişafı gələcəkdə iqtisadi əlaqələrin daha sürətli irəliləməsinə və yeni layihələrin həyata keçirilməsinə geniş zəmin yarada bilər”.
Nuray Əliyeva