Azərbaycan və Belarus nümayəndələrinin işçi görüşü keçirilib
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Belarus Respublikası Müdafiə Nazirliyi arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Qoşun Xidməti İdarəsinin rəisi polkovnik Dmitriy Jukovskiyin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən "İnformator.az"a verilən məlumata görə, "Qayda və qanunun qorunması və hərbi obyektlərin mühafizəsinin təşkili" üzrə keçirilən işçi görüş çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisi general-mayor Azər İbrahimov qonaqlarla görüşüb, onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
General-mayor A.İbrahimov dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Belarus münasibətlərinin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını qeyd edib.
Polkovnik D.Jukovskiy göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, birgə fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Belarus Respublikasının ölkəmizdəki hərbi attaşesinin də iştirak etdiyi görüşdə nümayəndə heyətinə baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb.
Sonra qonaqlar Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev qonaqları salamlayıb, hərbi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.