“Azərbaycan və Özbəkistan münasibətləri yüksələn xətlə inkişaf edir”-ŞƏRH
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan xarici işlər naziri Bəxtiyar Saidov arasında telefon danışığı aparılıb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.Qeyd olunub ki, nazirlər Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər hər zaman normal olub:
“Amma son altı-yeddi ildə bu münasibətlər çox intensiv şəkildə inkişaf etdirilib, möhkəmləndirilib, gücləndirilib və biz hazırda strateji müttəfiqlər sayılırıq. Yəni bu proses olduqca sürətli həyata keçib. Ticarət dövriyyəsi artıq faizlərlə deyil,dəfələrlə artdığını biz görməkdəyik. Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Hər iki ölkə beynəlxalq formatlarda bir-birini dəstəkləyib və o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasında Özbəkistan ciddi töhfələr verib.Məhz bölgəyə ilk səfər edən dövlət başçılarından biri də Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevdir. Bizim münasibətlərimiz yüksələn xətti üzrə intensiv şəkildə güclənməkdədir.Bu məsələ, həm də iki tərəfli münasibətlərə aid deyil. Eyni zamanda Azərbaycan, Özbəkistanla bir yerdə Türk Dövlətlər Təşkilatında təmsil olunur. Orda hər iki ölkə çox vacib rola malikdirlər. Bundan başqa Azərbaycan, həm də elə Özbəkistan təşəbbüsü ilə C5, yəni Orta Asiya ölkələr formatına tam hüquqlü üz kimi qəbul olunub. Son illər həm Özbəkistan, həm digər türk dövlətləri ilə əlaqələrimiz ciddi şəkildə artmaqdadır”.
Politoloq qeyd edib ki,
Özbəkistanla bizim qarşılıqlı birgə investisiya fondlarımız var:
“Ticarət hədəflərinin olduqca ciddi şəkildə böyüdülməsi ilə bağlı layihələr var. Birgə müəssisələr yaradılır, qarşılıqlı investisiyalar qoyulur. Bu iki tərəfli münasibətlərə aid olan məsələdir. Eyni zamanda, yaxınlığımızı təmin edən eyni kökə,tarixə,milli mənsubiyyətə malik olmağımız, eyni mədəni milli dəyərlərin daşıyıcısı olmağımızdır. Həm də beynəlxalq şərtlər və dünyada gedən proseslər bizi bir arada olmağımızı labüd edir. Məhz elə Azərbaycan da, Özbəkistan da təmsil olunduğu Türk Dövlətlər Təşkilatı ciddi bir formata çevrilməklə gələcək dünya düzənində qlobal faktorlardan biri olmaq iddiasındadır. Bu baxımdan, bizi həm də müəyyən subyektiv amillər bir arada tutur. Bu obyektiv, tarixi eyni kökə dayanan faktorlarla bərabərdir. İki ölkə arasında münasibətlərin bu səviyyədə inkişaf etməsi, gücləndirilməsi, yüksək səviyyəyə qalxması, həm də dövlət başçılarının iradəsindən, onların bir-birinə qarşı olan sayğısından, hörmətindən və inamından irəli gələn bir münasibətlərdir. Bu dövlətlərarası münasibətlərdə özünün pozitiv, mənada çox ciddi təsirlərini göstərməkdədir”.
Nuray Əliyeva