Azərbaycan və Serbiya İdman sahəsində əməkdaşlığı genişləndirəcək
Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın inkişafı istiqamətində növbəti mühüm görüş keçirilib. Tərəflər təcrübə mübadiləsi, birgə layihələr və beynəlxalq idman platformalarında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
"Serbiya ilə Azərbaycan arasında idman layihələrinin genişləndirilməsi çox böyük əhəmiyyət daşıyır. Xüsusilə də mən düşünürəm ki, bu, Azərbaycan üçün çox yaxşı bir fürsətdir".
Bu sözləri idman jurnalisti, ekspert Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Serbiya idman ölkəsidir və Serbiyadan dünyanın ən yaxşı idmançıları çıxır:
"Ən yaxşı və çox güclü idmançılar oranın gəncləri olur. Demək olar ki, bütün idman növlərində çox güclü, hətta dünya səviyyəli idmançılar yetişdirirlər. İstər basketbolda, istər tenisdə, həmçinin futbol komandalarında oynayan idmançılar dünyaca tanınmışlar olur. Yəni demək olar ki, bütün idman növlərində Serbiya həm Avropanın, həm də dünyanın ən yaxşı idman ölkələri sırasında öncüllər sırasındadır. Serbiyanın idman naziri Zoran Qayiç Sumqayıtda vaxtilə voleybolda işləyib. Voleybol komandamızın baş məşqçisi olub. Azərbaycanın idmanından xəbərdardır, tanış simadır, onun bu məsələdə tərəf olması bizim üstünlüyümüzdür, çünki o bizi, nə istədiyimizi başa düşür. Ölkələr arasında son vaxtlar dövlətlər arasında yaxşı əlaqələr qurulub və bunlardan istifadə etməliyik. Yararlanaraq təcrübə mübadiləsinə aparmalıyıq. Mən düşünürəm ki, bu əlaqələrin qurulması və möhkəmləndirilməsini ancaq alqışlamaq olar. Qeyd edim ki, əlaqələrin qurulması Azərbaycan idmanına öz təkanına töhfəsini verəcəkdir".
Mövzu ilə bağlı İctimai TV-nin aparıcısı, idman jurnalisti Fuad Eldarov "İnformator.az"a müsahibəsində deyib ki, bunun necə təsir edəcəyi görüşlərdə hansı idman növü haqqında müzakirələr aparılmasından asılıdır:
"Yəni bu o deməkdir ki, hər iki ölkə hansı idman növündə daha yaxşıdırsa, digərinə bu idmanla bağlı inkişaf üçün təcrübə mübadiləsi aparıla bilər. Məsələn, Azərbaycan güləşdə Serbiyadan qat-qat üstünlündür. Serbiya isə tennisdə daha yaxşı inkişaf edib, ixtisaslaşıb. Bu mövzular ətrafında təcrübə mübadiləsi aparılmalıdır. Təlim-məşq kompları yaradıla bilər. Onların idmançıları bizim, bizim idmançılarımız onların ölkəsinə gedib təlim-məşq toplantılarında iştirak edə bilər, Oradakı mütəxəssislərin fikirlərindən, təcrübələrindən yararlana bilər. Nəticə olaraq, idman sahəsində hər iki ölkə yaranan vəziyyətdən faydalanmış olacaq. Ən azından gələcək perspektivlər baxımından...".
Zəhra Möhübbətova