“Azərbaycan və Slovakiya arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib”-Tural İrfan
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti mətbuata birgə bəyanatlarla çıxış edərək iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərini dəyərləndiriblər. Tərəflər siyasi, iqtisadi və enerji sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə münasibətlərini açıqlayıblar.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Slovakiya arasında qarşılıqlı münasibətlər dinamik şəkildə inkişaf edir:
“Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrininidən verilən birgə bəyanatlar iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni və strateji bir mərhələyə qədəm qoyduğunu bir daha təsdiqləyir. Şuşada baş tutan bu tarixi görüşlər həm regional, həm də qlobal səviyyədə ciddi mesajlarla müşayiət olunub. Prezidentlərin mətbuata bəyanatlarında səsləndirilən siyasi mesajlar əsasən birbaşa olaraq hazırkı qlobal təhlükəsizlik arxitekturası və enerji böhranı ilə əlaqəli idi. Slovakiya Prezidenti Peter Pelleqrini, dünyada və xüsusilə Ukrayna və Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə, Azərbaycanın və Prezident İlham Əliyevin beynəlxalq münaqişələrin diplomatik yollarla həllinə verdiyi töhfələri xüsusi qeyd edib. Bu, Azərbaycanın qlobal arenada neytral və balanslı sülh vasitəçisi statusunu möhkəmləndirdiyinin bariz nümunəsidir. Eyni zamanda, Azərbaycan Prezidentinin dünyada baş verən münaqişələrin diplomatik yollarla, sülh yolu həll olunmasına göstərdiyi təşəbbüslərin nəticəsidir. Qeyd etmək lazımdır ki, Ukrayna üzərindən qaz tranzitinin dayandırılması riskləri fonunda Avropa İttifaqı və onun mərkəzi hissəsində yerləşən Slovakiya üçün Azərbaycan qazının strateji əhəmiyyətinin kəskin artıb. Sözü gedən bu bəyanatlar Azərbaycanın Avropanın enerji şaxələndirilməsindəki əvəzedilməz etibarlı tərəfdaş rolunu yenidən geosiyasi gündəmə gətirir”.
Politoloq qeyd edib ki, görüşün Bakıda deyil, məhz işğaldan azad edilmiş Şuşa və Xankəndidə keçirilməsi, rəsmi Bratislavanın Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini, regionun yeni geosiyasi reallıqlarını rəsmən qəbul etdiyini göstərən ən böyük siyasi mesajdır:
“Azərbaycan-Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq adlanan tamamilə yeni və praktiki mərhələyə keçdiyini qətiyyətlə söyləmək olar. Münasibətlərin kağız üzərindən real işlərə keçməsini sübut edən əsas göstəricilər bunlardır vardır. Məlumdur ki, iki ölkə arasında 2024-cü ildə imzalanmış “Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” hazırkı intensiv əlaqələrin hüquqi bünövrəsini təşkil edir. Əlaqələrin yalnız bəyanatlarla məhdudlaşmadığını göstərən ən mühüm iqtisadi-humanitar göstərici Ağdamın Baş Qərvənd kəndinin Slovakiya şirkətlərindən “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulmasıdır. Bu, Slovakiyanın Qarabağın bərpasına praktiki cəlb olunmasının göstəricisidir. Bütün bunlarla yanaşı tərəflərin təhlükəsizlik və müdafiə sənayesi sahəsində mükəmməl əməkdaşlıq qurduğu, buna misal olaraq sentyabr ayında Bakıda keçiriləcək irimiqyaslı müdafiə sərgisində birgə əldə olunmuş ilk praktiki nəticələrin nümayiş etdiriləcəyinin açıqlanmasını əlavə etmək olar. Münasibətlərin tərkibi olaraq ticarət dövriyyəsinin artırılması, energetika, maşınqayırma və investisiya sahələrində konkret layihələrin icrası prioritet təşkil edir.
Son illərdə Slovakiyanın Cənubi Qafqaz regionuna baxışında kəskin balans dəyişikliyi baş verib və onda məlumdur ki, Azərbaycan bu siyasətin mütləq mərkəzinə çevrilib. Əvvəlki illərdə daha çox formal xarakter daşıyan əlaqələr, Peter Pelleqrinin həm parlament sədri, həm baş nazir, həm də hazırda prezident qismində Azərbaycana etdiyi çoxsaylı səfərlər sayəsində dinamik və daimi xarakter alıb”.
Tural İrfan Slovakiya Cənubi Qafqazda iqtisadi və siyasi investisiyalarını məhz Azərbaycan üzərində cəmləşdirdiyini deyib:
“Azərbaycan Slovakiya üçün təkcə xammal tədarükçüsü deyil, həm də Avropanın müdafiə sənayesi və tikinti sektoru üçün mühüm sifarişçi və tərəfdaş rolunu oynayır. Slovakiya həm də Avropa İttifaqının üzvü olaraq, Cənubi Qafqaz siyasətində bəzi qərb ölkələrinin birtərəfli və qərəzli mövqelərinə qarşı çıxaraq, Azərbaycan ilə balanslaşdırılmış, obyektiv və dialoqa əsaslanan sağlam münasibətlərin qurulmasının regional sabitliyə töhfə verdiyini müdafiə edir. Beləliklə demək olar ki, Azərbaycan və Slovakiya arasında ikitərəfli, inkişaf edən əlaqələr hər iki ölkə üçün mühüm töhfələr verəcək”.
Nuray Əliyeva