Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
İyunun 8-də Bakı şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Suriya Ərəb Respublikası Xarici İşlər və Mühacirlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri baş tutub.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Suriya nümayəndə heyətinə isə Konsulluq idarəsinin rəisi Məhəmməd Yaqub əl-Ömər rəhbərlik edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Suriyanın yeni hakimiyyəti ilə Azərbaycanın arasında siyasi, iqtisadi və diplomatik münasibətlər yavaş-yavaş güclənir:
"Bu ölkədə hakimiyyətin dəyişdiyi 2024-cü ilin dekabrından sonra bu ölkəyə yardım göstərmək üçün, onun yeni siyasətinə dəstək vermək üçün açıq mövqe qoyan ölkələrdən, ilkin ölkələrdən biri də Azərbaycan olub. Yeni hakimiyyətin dövründə Azərbaycan Suriyaya qaz da verib. Suriyanın prezidenti ilə Azərbaycan prezidentinin bir neçə dəfə görüşü olub. Müəyyən ölkələr arasında müəyyən sahələr üzrə sənədlər imzalanıb. Ölkələrin arasında diplomatik, siyasi və iqtisadi əlaqələrin inkişafı müstəvisində konsulluq əlaqələrinin daha da genişləndirilməsinə, fikrimcə, ehtiyac var. Elə iki ölkənin konsul xidmətlərinin arasında aparılan danışıqlar da heç şübhəsiz ki, məhz bu məqsədə xidmət edir. Bəllidir ki, Suriyada Azərbaycan kökənli insanlar da yaşayırlar. Suriyanın tarix mədəniyyət müstəvisində Azərbaycanla bağlı çoxlu sayda elementlər mövcuddur. həm mədəniyyət, həm də humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, konsulluq əlaqələrinin daha da gücləndirilməsini tələb edir. Eyni zamanda, sirr deyil ki, Bəşər-Əsəd diktaturasına qarşı Vətəndaş müharibəsinin getdiyi dönəmdə Azərbaycandan da müəyyən insanlar aldadılaraq Suriyaya aparılmışdılar. Hətta, ailəlikcə Suriyada gedib o əməliyyatlarda iştirak eləyənlər var. İllər uzunu Suriyada yaşadığına görə hətta ailə quran, övlad-uşaq sahibi olan azərbaycanlılar var idi. Zaman-zaman həmin əməliyyatlarda iştirak etmiş azərbaycanlıların aşkar olunaraq ölkəyə qaytarılması faktları baş verib. Eyni zamanda, faktlar göstərir ki, hətta bəzi azərbaycanlıları aldadaraq və zorla Suriyaya aparıblar. O insanları müəyyən bir müddət, müəyyən şəraitlərdə saxlayaraq onların Azərbaycana qayıdışını ləngidiblər. Belə şəraitdə humanitar müstəvidə də Suriya ilə Azərbaycanın əməkdaşlığının genişləndirilməsinə böyük ehtiyac var ki, bu istiqamətdə olan boşluqları, konsulluq xidmətləri fikrimcə tam mənada tamlaşdıra biləcəklər. Ona görə, iki ölkənin arasında konsulluq əlaqələrinin inkişaf etdirilməsinə və həm də uzun müddətli konsulluq əlaqələrinin qurulmasına ehtiyac var və görsənir ki, elə konsulluq xidmətlərinin arasındakı müzakirələr də məhz bu zərurətdən əmələ gəlib".
Aişə Mustafayeva