Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
Aprelin 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasının Xarici İşlər Nazirliyinin beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“İnformator.az” xəbər verir ki, görüş zamanı, Azərbaycan ilə Uqanda arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub. Diplomatik münasibətlərin qurulduğu son 30 ildə əlaqələrin sürətlə inkişafından məmnunluq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Uqanda ilə, ümumilikdə Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Uqanda ilə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın səmərəli istifadəsinin vacibliyini diqqətə çatdırıb. Bu çərçivədə iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Uqandada “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzlərinin açılışı təqdir olunub.