Azərbaycan-YUNESKO arasında təhsil əməkdaşlığı genişlənir: Ekspertdən AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində YUNESKO-nun təhsil üzrə yeni müavini Qun Şen ilə görüşüb. Görüşdə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, qlobal təşəbbüslərdə birgə iştirak və innovativ yanaşmaların tətbiqi müzakirə olunub.
Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Aidə Əliyeva “İnformator.az”a açıqlamasında bildirib ki, UNESCO ilə Azərbaycanın təhsil sahəsində əməkdaşlığının genişlənməsi bir neçə istiqamətdə praktik nəticələr verə bilər:
“Təhsil siyasətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılması ölkəmizin təhsili üçün vacib əhəmiyyət kəsb edir. UNESCO ümumtəhsil, peşə təhsili, inklüziv təhsil və rəqəmsal bacarıqlar sahəsində qlobal çərçivələr təqdim edir. Bu əməkdaşlıq kurikulumların yenilənməsi, qiymətləndirmə sisteminin təkmilləşdirilməsi və müəllim hazırlığının gücləndirilməsinə kömək edə bilər. Həmçinin müəllim hazırlığı və peşəkar inkişaf amilini də vurğulamaq lazımdır. UNESCO-nun metodoloji proqramları vasitəsilə müəllimlərin rəqəmsal tədris, tənqidi düşüncə, STEAM və inklüziv təhsil üzrə bacarıqları inkişaf etdirilə bilər. Süni intellektin təhsildə tətbiqi, açıq rəqəmsal resurslar və distant təhsil platformaları üzrə beynəlxalq təcrübənin ölkəyə gətirilməsi mümkündür. Kənd məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və sosial həssas qruplar üçün daha əlçatan təhsil modelləri formalaşa bilər”.
Ekspert qeyd edib ki, beynəlxalq layihə və maliyyə imkanları faktoru Azərbaycanın UNESCO xətti ilə müxtəlif qrant proqramlarına, regional pilot layihələrə və beynəlxalq tədqiqat şəbəkələrinə daha rahat qoşulamasına şərait yarada bilər:
“UNESCO-nun qlobal təşəbbüslərində iştirak beynəlxalq təhsil reytinqlərinə birbaşa olmasa da, dolayı təsiri əhəmiyyətli ola bilər. Azərbaycan UNESCO platformalarında fəal iştirak etdikcə ölkənin təhsil islahatları daha çox tanınır və beynəlxalq hesabatlarda görünür olur. UNESCO ilə əməkdaşlıq şagird bacarıqlarına əsaslanan tədris yanaşmalarını gücləndirərsə, PISA kimi qiymətləndirmələrdə nəticələrə müsbət təsir göstərə bilər. Bundan başqa, Universitetlərin beynəlxalq əlaqələrinin güclənməsinə də öz müsbət təsirini göstərər. Akademik mobillik, ortaq tədqiqat və keyfiyyət təminatı mexanizmləri inkişaf etdikcə ali məktəblərin qlobal reytinqlərdə mövqeyi yaxşılaşa bilər. UNESCO layihələrində iştirak ölkəni təhsil və humanitar inkişaf sahəsində daha etibarlı tərəfdaş kimi təqdim edir. UNESCO ilə əməkdaşlığın nəticələri 1-3 illik qısamüddətli göstəricilər ilə qiymətləndirilə bilər. Bu göstəricilər isə müəllim təlimlərinin sayı və keyfiyyəti, yeni kurikulum və pilot proqramların tətbiqi,rəqəmsal təhsil layihələrinin artması, UNESCO ilə birgə proqram və tədbirlərin sayı,beynəlxalq konfrans və təşəbbüslərdə iştirak səviyyəsi aid ola bilər. 5-10 illik uzunmüddətli göstəricilər isə şagird nailiyyətlərinin yüksəlməsi,PISA nəticələrinin yaxşılaşması, məktəbdən yayınma hallarının azalması,ali təhsildə beynəlxalq tələbə və müəllim mobilliyinin artması,universitetlərin beynəlxalq reytinqlərdə irəliləməsi,əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşması və s ola bilər”.
Mələk Hüseynova