00:00:00
Yazar
Elmira Ağayeva
28.07.2026 22:06 22 2 dəq oxuma
İdman

Azərbaycanda keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatı

Azərbaycanda keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatı

 

Prezident İlham Əliyev 2026-cı ildə Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında ilk FIFA Dünya Çempionatı və Festivalı ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. FIFA Şurası Bürosunun qərarına əsasən, yarış oktyabrın 22 - 31-də Azərbaycanda təşkil olunacaq. İdman tarixində ilk dəfə keçiriləcək bu turnirin ölkəmizdə baş tutması Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsi, futbolun inkişafı və böyük yarışların təşkili sahəsində təcrübəsinin daha da zənginləşməsi baxımından mühüm hadisə hesab olunur.


Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, dövlətin bu sahəyə böyük diqqət ayırması olduqca vacib məqamdır:

 

"15 yaşlılar arasında dünya birinciliyinin Azərbaycanda keçirilməsi, zənnimcə, çox əlamətdar hadisədir. Ümumiyyətlə, bizim müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın dünya çempionatının final mərhələsində iştirak etmək imkanı olmayıb. Çünki komandalarımız o qədər də güclü deyillər. Bu turnirin ölkəmizdə təşkili yeniyetmə və gənc futbolçularımıza dünya birinciliyinin həyəcanını hissetmə, onun final mərhələsində iştirakın nə demək olduğunu yaxından görmə və dərk etmə imkanı verir. Bu baxımdan, yarışın Azərbaycanda keçirilməsi ümumilikdə uşaq futbolunun inkişafına böyük təkan verəcək. Gənc idmançılarımız bu cür nüfuzlu yarışda iştirak etməklə böyük təcrübə qazanacaqlar. Dünyanın dörd bir tərəfindən gələcək güclü həmyaşıdları ilə görüşmək, onlarla rəqabət aparmaq fürsəti əldə edəcəklər. Hesab edirəm ki, qazanılan bu təcrübə futbolçularımızın növbəti illərdə 3, 5 və ya 10 ildən sonra böyük futbol səhnəsində daha uğurlu çıxış etmələrinə müsbət təsir göstərəcək.
Bununla yanaşı, idmançılarımız diqqət mərkəzində olacaqlar. Uşaqlar və gənclər onlara baxaraq həmin səviyyəyə yüksəlmək istəyəcək, peşəkar futbolçu olmağa can atacaqlar. Bu da ölkədə uşaq futbolunun inkişafına və kütləviliyinin artmasına zəmin yaradacaq.
​Dövlət başçımızın bu barədə sərəncam imzalaması da xüsusi vurğulanmalıdır. Dövlətin bu sahəyə böyük diqqət ayırması olduqca vacib məqamdır. Çempionat çərçivəsində istifadə olunacaq idman obyektləri və infrastrukturu yenilənəcək, daha da təkmilləşdiriləcək, hətta bəlkə yeniləri də istifadəyə veriləcək. Bu isə, öz növbəsində, ölkəmizdə futbolun gələcəyinə və uşaq futbolunun inkişafına əvəzsiz töhfə verəcək". 

 

Samirə Allahverdizadə

#FIFA #U15 #Azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər