Azərbaycanın 3x3 basketbol millisi FIBA Çempionlar Kubokuna qatılacaq
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi tarixində ilk dəfə FIBA Çempionlar Kubokunda iştirak edəcək. Yığmanın Avropa Kuboku 2025-in finalçısı kimi turnirə vəsiqə qazanması ölkə basketbolu üçün mühüm uğur sayılır. Martın 13–15-də keçiriləcək yarışda milli B qrupunda İspaniya, Kanada və Tayland kimi güclü rəqiblərlə qarşılaşacaq.
"İspaniya və Kanada güclü basketbolçuları olan, klub komandaları yüksək səviyyədə inkişaf etmiş ölkələrdir".
Bu sözləri Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, qadın basketbolu hər iki ölkədə yüksək inkişaf edib:
"Çətinliklər təbii ki, olacaq, mübarizə aparacağıq. Biz rəqiblərə qarşı əlimizdən gələnin ən yaxşını etməyə çalışacağıq. Biz də son Paris Olimpiadasında təmsil olunmuşuq və bu komandalardan qətiyyən geri qalmaq istəmirik. Mübarizə isə sona qədər olacaq. Çətinliklər dedikdə, biz hər bir komandaya qarşı fərqli basketbol təqdim etməliyik. Burada qərarı məşqçi verəcək. Komanda daxili heyətdə olan oyunçular oyunun gedişatına uyğun müəyyən taktikalar formalaşdırmağa çalışacaqlar. Son illərdə Azərbaycan basketbolunda nəinki "3×3" basketbolunun inkişafı, ümumiyyətlə, qadın basketbolunun inkişafı gözə çarpacaq dərəcədədir".
Müsahibin sözlərinə görə, biz mütəmadi olaraq beynəlxalq yarışlarda, turnirlərdə iştirak edirik və "3×3" basketbola maraq böyükdür:
"Qarşıdakı illərdə qadın basketbolunda daha da yaxşı inkişafın şahidi olacağıq. Çünki günü gündən bu idman növünə, qadın basketboluna maraq daha da ölkəmizdə artır. Azərbaycan millisi "3×3" basketbol idman növündə növbəti mübarizə aparmaq istəyir. Federasiya olaraq biz də arzulayırıq ki, 2028 Los-Anceles Olimpiya Oyunlarında iştirak edək. Bu turnir-FİBA Çempionlar Kuboku turniri də məhz Olimpiya Təsnifat Oyunlarına vəsiqə üçün şərait yaradan bir turnirdir. Arzumuz qalib gəlməkdir. Bunun üçün ən yaxşı basketbolu təqdim etməyə çalışacağıq. Ümid edirəm ki, komandamız layiqli nəticə göstərərək məqsədinə nail olacaq".
Zəhra Möhübbətova
