“Azərbaycanın Braziliya ilə təxliyyə diplomatiyası: etimad, yeni tərəfdaşlıq və qlobal imkanlar”
23 mart tarixində Braziliyanın Xarici İşlər naziri Mauro Vieyra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng edib.
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov "İnformator.az"a açıqlamasında bildirib ki, Braziliya vətəndaşlarının İrandan çıxarılması sadəcə texniki təxliyyə əməliyyatı kimi qiymətləndirilə bilməz:
"Bu həm də diplomatik münasibətlərə ciddi təsir göstərən bir addımdır. Belə hərəkətlər adətən kritik an diplomatiyası kimi qiymətləndirilir və uzunmüddətli tərəfdaşlığın psixoloji bazasını formalaşdırır. Siyasi, iqtisadi və hətta təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsi üçün zəmin yaradır. Bu əməliyyat Azərbaycanın məsuliyyətli və etibarlı tərəfdaş imicini daha da gücləndirir. Xüsusilə, böhran vəziyyətlərində digər ölkə vətəndaşlarına yardım göstərmək sahəsində atdığı addımları bir daha xatırladır. Təxliyyə əməliyyatları Azərbaycan və Braziliya arasında qarşılıqlı münasibətlərdə yeni dinamika yarada, etimadı artıra bilər. Diplomatik dialoqun intensivləşməsinə, ticarət və enerji sayəsində yeni imkanların açılmasına gətirib çıxara bilər".
Həmçinin politoloq qeyd edib ki, təxliyyə əməliyyatı Azərbaycanın Latın Amerikası ilə əlaqələrinin genişləndirilməsinə, qlobal cənub ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsinə, humanitar və tranzit imkanlarının ön plana çıxarılmasına gətirib çıxara bilər:
"Braziliya üçün Avrasiya məkanında yeni tərəfdaşların əhəmiyyətinin artması, enerji təhlükəsizliyi və logistika baxımından alternativ marşrutlara marağın yüksəlməsi Qlobal diplomatiyada çoxtərəfli əməkdaşlığa daha çox önəm verilməsi ilə nəticələnə bilər. Braziliya dünyanın nüfuzlu böyük dövlətlərindən biridir. Xüsusilə, Briksdə aparıcı rol oynayan dövlətlərdəndir. Azərbaycanın da bu beynəlxalq təşkilata marağını nəzərə alsaq, bu sahədə də Azərbaycan Brexə yaxınlaşmaqla Braziliyanın imkanlarından istifadə edə bilər. Çünki məlumdur ki, bəzi dövlətlər Azərbaycanın Brexə yaxınlaşmasına mane olmaq üçün əllərindən gələni edirlər".
Günel Əlili