Azərbaycanın qadın 3x3 basketbol millisi Avropa Kubokunun final mərhələsində
Kosovonun Priştina şəhərində keçirilən 3x3 basketbol üzrə Avropa Kuboku 2026-nın seçmə mərhələsində Azərbaycanın qadınlardan ibarət millisi uğurlu çıxış edib. Yığma yarımfinalda Kosovo komandasını 21:5 hesabı ilə məğlub edib, finalda isə İrlandiyanı gərgin oyunda 21:20 hesabı ilə üstələyərək final mərhələsinə vəsiqə qazanıb. Avropa Kubokunun final mərhələsi 11-13 sentyabr tarixlərində Belçikanın Antverpen şəhərində keçiriləcək.
Mövzu ilə bağlı idman şərhçisi Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, klassik basketbol ilə 3x3 basketbolun fərqi, əsas fərqi elə saydadır, yəni idmançıların sayı daha az olur:
“Eyni zamanda da düşünürəm ki, daha dinamik, daha dinamik bir basketboldur 3x3. Çünki say az olduğuna görə və səbət bir olduğuna görə oyun dayanmır, vaxt da daha azdır, dinamikdir, sürətlidir. Bizim, qadınlardan ibarət 3x3 basketbol komandamız çox uğurlu, çox uğurlu komandadır. Mən düşünürəm ki, Azərbaycan idmanında, qadın idmanında xüsusilə, yəni bu qədər uğurlu çıxış eləyən komandamız son illərdə yox idi. Bəlkə də ən yaxşılardan idi, ən yaxşısıdır. Təkcə Avropa Kuboku yox, elə ümumiyyətlə bütün iştirak etdikləri Qran Prilərdə, dünya çempionatlarında, Avropa çempionatlarında, hətta Olimpiya oyunlarında da belə uğurlu çıxışları ilə yadda qalıblar. Azərbaycan bu idman növündə, 3x3 basketbolda, qadınlarda 3x3 basketbolda dünyanın liderlərindəndir. Dünyanın ən yaxşı komandalarından biridir, ən yaxşı ölkələrindən biridir. Və bu inkişaf belə sadəcə dayanmır, yəni davamlı şəkildə həyata keçirilir. Bunun nəticəsidir ki, yəni bu idman növü üzrə yarışlar Azərbaycana da salınır, yəni bir neçəsində mən də iştirakçı olmuşam. Bakıda, Sumqayıtda və digər regionlarımızda belə bir yarışlar keçirilir və bu da həmin idman növünə qızlarımızın cəlb olunması baxımından çox böyük əhəmiyyət daşıyır. Çünki bu idman növü həm də bir qədər şouya meylli bir idman növüdür. Yəni bunun təşkilatçılığında həmişə daha, daha çox PR, daha çox təbliğat istifadə olunur. Rəngarəng olur; musiqilərlə, şou ilə müşayiət olunan bir turnirlər keçirilir adətən.
Ona görə də düşünürəm ki, belə qələbələrin davamlı şəkildə olmağı-yəni Avropa Kubokunda, Avropa çempionatında, Dünya Kuboku, dünya çempionatı, müxtəlif Qran Prilər, multi oyunlarda komandalarımızın, komandamızın uğurlu çıxış etməyi qızlarımızın bu idman növünə yönəlməsinə çox böyük təkan verəcək. Və bu, bu da özlüyündə həm 3x3 basketbol, həm böyük basketbol, həm də ümumilikdə Azərbaycan idmanına öz yaxşı töhfəsini verəcəkdir”.
Mələk Hüseynova