00:00:00
Yazar
Zəhra Həsənova
04.06.2026 21:00 18 2 dəq oxuma
İdman

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığmasının Dünya Kubokundakı uğuru

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığmasının Dünya Kubokundakı uğuru

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Kubokunda uğurlu çıxış edərək pley-in mərhələsinə yüksəlib. Komandanın Polşa və Çexiya üzərində qələbələri idman ictimaiyyətində maraq yaradıb. Bu nəticənin Azərbaycan basketbolu üçün nə ifadə etdiyi, gələcək perspektivlər və qadın idmanının inkişafına təsiri məsələləri diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, gənc və yeniyetmə qızlar bu idman növünə daha çox maraq göstərirlər federasiyaya daxil olan zənglər də bunu deməyə əsas verir:

 

"Azərbaycan qadın basketbolu adına bu, çox böyük uğurdur. Milli komandamızın 3x3 basketbol üzrə dünya çempionatında, yəni Dünya Kubokunda iştirakı yüksək qiymətləndirilməlidir. Bu turnir 3x3 basketbolda Olimpiya Oyunları ilə yanaşı ən nüfuzlu yarışlardan biri hesab olunur. Komandamızın belə bir yarışda iştirak etməsi özlüyündə böyük nailiyyətdir. Yığmamız qrup ikincisi kimi pley-off mərhələsinə vəsiqə qazanıb. Komanda D qrupunun üçüncü kollektivi ilə 1/8 final mərhələsində qarşılaşacaq və 1/4 finala yüksəlmək uğrunda mübarizə aparacaq. Qrup mərhələsində yalnız turnirin ən güclü komandalarından biri hesab olunan Niderland millisinə məğlub olduq. Ümumilikdə komandalara nəzər saldıqda, Niderland əsas favoritlər sırasında yer alır. Komandanın uğurlu çıxışında mühüm rol oynayan əsas amillərdən biri basketbolçuların bir-birlərini çox yaxşı tanımasıdır. Qızlarımız uzun müddətdir birlikdə çıxış edirlər. Onlar Dünya Qadın Seriyalarında, FİBA Çempionlar Kubokunda, Dünya Çempionatında və Avropa Kubokunda birgə oynayıblar. Bütün bunlar komandamızın oyununa müsbət təsir göstərir. Hazırlıq prosesi də uğurlu nəticədə önəmli rol oynayıb. 3x3 basketbolun mərkəzlərindən biri hesab olunan Serbiyanın Novi Sad şəhərində qızlarımız uzunmüddətli təlim-məşq toplanışları keçiblər. Bu hazırlıq prosesi basketbolçularımızın oyununa müsbət təsir göstərib. Bu uğur qadın idmanının, xüsusilə qadın basketbolunun inkişafına da ciddi töhfə verir. Oyunların CBC Sport telekanalında yayımlanması, eyni zamanda FİBA-nın YouTube kanalında basketbolsevərlərə təqdim olunması marağı artırır. Gənc və yeniyetmə qızlar bu idman növünə daha çox maraq göstərirlər. Federasiyaya daxil olan zənglər də bunu deməyə əsas verir. Bir sözlə, bu nəticələr basketbolun inkişafına müsbət təsir edir. Azərbaycan 3x3 basketbol üzrə hər zaman perspektivli yarışlarda iştirak edib. Bu cür mühüm turnirlərdə yer almağımız ölkədə 3x3 basketbolun inkişafına bilavasitə təsir göstərir. Perspektivlərə gəldikdə isə, gələcəkdə daha yaxşı nəticələrin əldə olunacağına inanılır. Komandamızın Olimpiya Oyunlarında iştirakı buna əsas verir. Növbəti əsas hədəf isə Los-Angeles 2028 Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. Ümid edilir ki, bu məqsəd də reallığa çevriləcək".

Samirə Allahverdizadə

#baki #basketbol #3x3 #uğuru #ibarət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər