00:00:00
Yazar
Zəhra Həsənova
20.05.2026 21:34 53 2 dəq oxuma
Sosial

Azərbaycanın turizm potensialı WUF13 sərgisində nümayiş etdirilir

Azərbaycanın turizm potensialı WUF13 sərgisində nümayiş etdirilir

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanın turizm imkanları beynəlxalq iştirakçılara təqdim olunur. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Urban Expo” sərgisində qurulan milli pavilyonda ölkənin müxtəlif turizm istiqamətləri tanıdılır.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, bu tədbirin turizm sektoru üçün ciddi strateji əhəmiyyəti var:

"Forum Azərbaycanın beynəlxalq imicinin güclənməsinə xidmət edir. Xarici nümayəndələrin, investorların, media təmsilçilərinin, urbanistlərin, akademiklərin və biznes liderlərinin Bakıya səfəri ölkənin təhlükəsiz, müasir və qonaqpərvər məkan kimi tanınmasına mühüm töhfə verir". 

Ceyhun Aşurov qeyd edib ki, tədbirin əsas istiqamətlərindən biri biznes və tədbir turizmidir. Dünyada MICE turizmi-yəni görüşlər, konfranslar, sərgilər və beynəlxalq forumlar turizmi- ən yüksək gəlir gətirən sahələrdən hesab olunur.

Bakı artıq Formula 1 Azerbaijan Grand Prix, COP29 və digər beynəlxalq tədbirlərlə bu sahədə mühüm təcrübə qazanıb. WUF13 isə Bakının regional tədbir və urban turizmi mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.

Ekspert bildirib ki, forum çərçivəsində otellər, restoranlar, nəqliyyat sektoru, turizm agentlikləri və digər xidmət sahələrində ciddi hazırlıq işləri aparılıb.

Onun sözlərinə görə, yeni nəqliyyat həlləri, rəqəmsal xidmətlər, yaşıl ictimai məkanlar və müasir turizm infrastrukturu gələcək turist axını üçün mühüm baza yaradır.

Ceyhun Aşurov vurğulayıb ki, bu kimi tədbirlər Azərbaycanın ümumi turizm destinasiyası kimi tanınmasına da xidmət edir. Xüsusilə, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun turizm imkanlarının beynəlxalq səviyyədə təqdim olunması gələcəkdə həmin bölgələrə turist axınının artmasına müsbət təsir göstərə bilər.

Ceyhun Aşurov bildirib ki, "VR texnologiyaları vasitəsilə insanlar səfər etməzdən əvvəl istədikləri məkanlarla virtual şəkildə tanış ola və həmin yerlər haqqında ilkin təsəvvür əldə edə bilirlər". 

Ekspertin sözlərinə görə, bu texnologiyalar turist marağını artırır və gələcəkdə real səfərlərin həyata keçirilməsinə stimul yaradır.

 Aişə Mustafayeva

#gündəm #xəbər #azərbaycanın #baki #sərgisində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər