Azərbaycanla Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib - ŞƏRH
Bakı şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Avstriyanın Federal Xarici İşlər və Avropa Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az” a açıqlamasında bildirib ki,Azərbaycan və Avstriya enerji və strateji əməkdaşlığı gücləndirməyə çalışır:
“Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələrinin keçirilməsi iki ölkənin münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətinin göstəricisidir. Əgər tərəflərdən biri əməkdaşlığa maraq göstərməsəydi, belə bir görüşün keçirilməsi mümkün olmazdı. Bu məsləhətləşmələrin keçirilməsinin əsas səbəblərindən biri enerji sahəsində əməkdaşlığın genişlənməsidir. Son illərdə Avropa ölkələri Rusiyadan enerji asılılığını azaltmağa çalışır və bu baxımdan Azərbaycan etibarlı tərəfdaş kimi ön plana çıxır. Azərbaycan enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə etməyən, beynəlxalq hüquqa və qarşılıqlı faydalı əməkdaşlığa önəm verən ölkə kimi qiymətləndirilir. Bununla yanaşı, Azərbaycan təkcə öz enerji ehtiyatları ilə deyil, həm də Orta Dəhliz layihəsindəki rolu ilə Avropa üçün strateji əhəmiyyət daşıyır. Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında Azərbaycan mühüm tranzit mərkəzi rolunu oynaya bilər. Bu da Avstriyanın Azərbaycanla əlaqələri daha da gücləndirmək marağını artırır”.
Həmçinin ekspert bildirib ki,iki ölkə arasında nəqliyyat, yaşıl enerji və konsulluq sahələrində əməkdaşlığın inkişafı gözlənilir:
“Əməkdaşlığın digər vacib istiqamətlərindən biri yaşıl enerji sahəsidir. Azərbaycan son illərdə bərpa olunan enerji layihələrinə ciddi diqqət ayırır və bu sahədə Avropa ölkələri, o cümlədən Avstriya ilə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Nəqliyyat və logistika sahəsində də tərəflərin maraqları üst-üstə düşür. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin əsas iştirakçılarından biridir. Avstriya isə Avropanın mühüm tranzit mərkəzlərindən sayılır. Bu üstünlüklər gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Bundan əlavə, iqtisadi və siyasi əlaqələrin inkişafı humanitar və konsulluq sahələrində əməkdaşlığın da genişlənməsini zəruri edir. Vətəndaşların hüquqlarının qorunması, konsulluq xidmətlərinin təkmilləşdirilməsi və hüquqi təcrübə mübadiləsi bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, bugünkü əməkdaşlıq istiqamətləri göstərir ki, Azərbaycan və Avstriya münasibətləri gələcəkdə enerji, yaşıl enerji, nəqliyyat, iqtisadiyyat və konsulluq sahələrində daha da inkişaf edəcək və yeni əməkdaşlıq imkanları yaradacaq”.
Arzu Poladova