Azərbaycanla İran arasında yeni əməkdaşlıq perspektivləri müzakirə edilib
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı (Pİ) Konfransının Bakıda keçirilən 20-ci sessiyası çərçivəsində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında açıqlamasında Azərbaycan və İran arasında münasibətlərin normal olmasının vacibliyini vurğulayıb:
"Biz qonşu dövlətlərik və uzun tarixi, mədəni keçmişimiz var. Aramızda əsrlərdən bəri münasibətlər formalaşıb. Bu baxımdan, iki ölkə arasında əlaqələrin normal olması, əməkdaşlığın inkişaf etməsi və dərinləşməsi hər iki tərəfin maraqlarına uyğundur. Prosesdə dövlət qurumlarının, o cümlədən cəmiyyətlərarası münasibətlərin xüsusi yeri var. Əlaqələrin formalaşmasında parlamentin də özünəməxsus rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, parlament dövlətin bir qolu olmaqla yanaşı, həm də xalqın seçdiyi təmsilçilərdən ibarət bir institutdur, cəmiyyətin əhval-ruhiyyəsini ifadə edir. Parlamentlərarası münasibətlərin dərin olması dövlətlərarası əlaqələrin inkişafına və möhkəmliyinə təsir edən vacib amillərdən sayılır".
Politoloq həmçinin qeyd edib ki, İran parlamentinin sədrinin Azərbaycana səfəri və burada keçirilən görüşlər böyük əhəmiyyət kəsb edir:
"Məhəmməd Baqir Qalibaf Azərbaycana rəsmi səfərlə deyil, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının tədbirində iştirak etmək üçün gəlib. Bu çərçivədə onun həm Azərbaycan Prezidenti, həm də Milli Məclisin sədri ilə keçirdiyi görüşlər iki ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət edir. Eyni zamanda nəzərə alsaq ki, Qalibaf İranda hakimiyyətin nüfuzlu şəxslərindən biridir və İran-Amerika danışıqlarına rəhbərlik edən şəxsdir, bu baxımdan onun Bakıya gəlişi, burada keçirdiyi görüşlər və səsləndirdiyi fikirlər dövlətlərarası əlaqələrin güclənməsi baxımından əhəmiyyətli, müsbət amillərdir. Düşünürəm ki, bu səfər də Azərbaycan-İran münasibətlərinin inkişafına öz töhfəsini verəcək".
Günel Əlili