00:00:00
Yazar
Elmira Ağayeva
23.10.2026 23:50 40 2 dəq oxuma
İdman

Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyunlarını idarə edəcək

Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyunlarını idarə edəcək

Eldar Zülfüqarov EEVZA-nın oyunlarına təyinat alıb

Oktyabrın 22–25-də Gürcüstanın Rustavi şəhərində 20 yaşadək voleybolçu qızlar arasında Avropa çempionatının I təsnifat mərhələsinin oyunları keçiriləcək.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) təşkil etdiyi yarışa təyinat alıb.

Turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları mübarizə aparacaqlar.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında “CBC Sport” telekanalının idman şərhçisi Ramiz Mirzəzadə bildirib ki, Eldar Zülfüqarovun Gürcüstanda keçiriləcək turnirə hakim təyin olunması Azərbaycanda voleybol hakimliyinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:

“Eldar Zülfüqarov son illərdə Azərbaycan voleybolunun ən təcrübəli, tanınmış və yüksək səviyyəli beynəlxalq dərəcəli hakimlərindən biridir. Onun beynəlxalq yarışlara təyinat alması gözlənilən idi. Gürcüstanda keçiriləcək turnirdə hakimlik etməsi Azərbaycanda voleybol hakimliyinin inkişafı baxımından mühüm addımdır.

Hakimlərimizin həm bu yarışa, həm də Avropa Voleybol Konfederasiyasının bayrağı altında keçirilən digər turnirlərə hakim və ya supervayzer kimi dəvət olunması ölkəmizdə bu sahənin inkişafına müsbət təsir göstərir. Xüsusilə son dövrlərdə Voleybol Federasiyasının idmanın inkişafı istiqamətində atdığı addımlarla yanaşı, hakimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün təlim və kursların təşkili mövcud çatışmazlıqların aradan qaldırılması baxımından vacibdir”.

Ramiz Mirzəzadənin sözlərinə görə, 20 yaşadək voleybolçulardan ibarət komandamız gələcək milli komandanın əsas dayaqlarından biridir. Onun fikrincə, gənc idmançılar nə qədər çox təcrübə qazansalar və birlikdə oynamaq vərdişlərini inkişaf etdirsələr, gələcək milli komandanın heyəti də bir o qədər güclü formalaşar.

Şərhçi qeyd edib ki, bu yarışla yanaşı, U-19 yığmasının iştirak etdiyi beynəlxalq turnirlər və aşağı yaş qruplarından olan komandaların beynəlxalq səviyyədə təcrübə qazanması Azərbaycan voleybolunun ümumi inkişafında mühüm rol oynayır.

Sonda Ramiz Mirzəzadə voleybolçularımızın yarışda ölkəmizi uğurla təmsil edəcəklərinə ümid etdiyini bildirib.

Aysu Qədirzadə

#baki #oyunlarını #seçmə #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər