"AZAL RƏHBƏRLİYİNİN DƏYİŞMƏSİ YENİ GÖZLƏNTİLƏRDƏN XƏBƏR VERİR"
“Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti" rəhbərliyinin dəyişməsi yeni gözləntilərdən xəbər verir” . Mütəxəssislər deyir ki, ən vacib məqam bilet qiymətlərinin ucuzlaşmasıdır.
Milli Məclisin üzvü Vüqar İsgəndərov daha çox xaricdə oxuyan tələbələrin müraciətlərinə rast gəldiyini deyir. Onun sözlərinə görə, tələbələr əsasən Rusiya, Ukrayna və Avropanın digər şəhərlərinə olan bilet qiymətlərinin bahalığından şikayət ediblər. “Yaxın ölkələrə baxanda, müqayisə olunanda çox böyük fərqlər görünür. Bununla bağlı hər halda insanların gözləntiləri var. Yeni rəhbərlik bu məsələlərə nəzər yetirməlidir”.
İqtisadçı Rəşad Həsənov isə bildirir ki, AZAL Azərbaycanın bütün hava limanlarını idarə edir. Təbii olaraq prosesin xarakterindən irəli gələrək ilk olaraq öz maraqlarını qoruyur. Öz maraqlarını qoruduğu təqdirdə, təbii ki, bu bazarda ədalətli rəqabətdən söhbət gedə bilməz. Ekspertlər düşünür ki, qiymətləri optimallaşdırmaq üçün hava nəqliyyatı sahəsində rəqabətli mühit formalaşdırmaq lazımdır. Bir çox ölkədə olduğu kimi infrastrukturla hava nəqliyyatı xidmətini ayırmaq mütləqdir. “İlk növbədə xarici hava yolu şirkətlərini, xüsusilə də, Qafqazda fəaliyyəti geniş şəkildə digər ölkələrdə əksini tapan və Azərbaycanın da maraqlı olduğu istiqamətlərdə uçuşlar təşkil edən şirkətləri ölkəyə cəlb etmək lazımdır. İkinci mərhələdə isə hava nəqliyyatı sahəsində əməkdaşlığı genişləndirərək ikitərəfli sazişlər imzalanmalıdır, hava azadlıqları verilməlidir”.
Ekspertlər onu da deyir ki, islahatlar həyata keçirilərək, AZAL-ın strategiyasında yenilik olarsa və paralel olaraq da quru sərhədlər açılarsa, bu, idarəetmə fəlsəfəsinin dəyişməsinə gətirib çıxaracaq. Nəticədə hava yolu ilə getmək hər kəs üçün daha əlçatan olacaq. İndi qalır dəyişiklikləri gözləmək.
SƏBİNƏ
