00:00:00
Yazar
Banuçiçək Məmmədova
08.06.2026 20:04 29 2 dəq oxuma
Dünya

Azov dənizində gəmilərə hücum: Hadisənin səbəbləri, siyasi fonu və Azərbaycan vətəndaşlarının taleyi

Azov dənizində gəmilərə hücum: Hadisənin səbəbləri, siyasi fonu və Azərbaycan vətəndaşlarının taleyi

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilən dron hücumu beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Hadisə nəticəsində müxtəlif ölkələrin vətəndaşları, o cümlədən Azərbaycan vətəndaşları zərər çəkib. Azərbaycan Xarici İşlər Nazirliyi və ölkəmizin Rusiyadakı səfirliyi dərhal hərəkətə keçərək yaralanan və xilas edilən vətəndaşlarımıza konsulluq dəstəyi göstərib. Hadisə təkcə humanitar deyil, həm də regionda davam edən geosiyasi gərginlik fonunda siyasi əhəmiyyət daşıyır. Ekspertlər bu hücumun səbəblərini, bölgədəki təhlükəsizlik vəziyyətini və mümkün nəticələrini müzakirə edirlər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Mamedova bildirib ki, Azov dənizində baş verən son hadisələr göstərir ki, müharibə artıq yalnız quru əməliyyatları ilə məhdudlaşmır, onun coğrafiyası və təsir dairəsi getdikcə genişlənir:

 

“Qarşıdurmaların dəniz məkanına keçməsi onu göstərir ki, tərəflər yalnız hərbi deyil, həm də strateji, iqtisadi və siyasi baxımdan bir-birinə zərbə vurmağa çalışırlar. Bu gün dənizdə həyata keçirilən dron hücumları və digər hərbi əməliyyatlar qarşı tərəfin iqtisadi imkanlarını zəiflətməyə yönəlib. Rusiya-Ukrayna müharibəsi uzandıqca həm quruda, həm də dənizdə daha geniş miqyas alır. Tərəflər bir-birinin iqtisadi potensialına, logistika imkanlarına və gəlir gətirən sahələrinə zərər vurmaq üçün müxtəlif həmlələr həyata keçirirlər. Azov dənizi regionu metallurgiya, kənd təsərrüfatı məhsulları və digər yüklərin daşınması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən gəmilərə qarşı hücumlar yalnız hərbi məqsəd daşımır, eyni zamanda logistika zəncirlərini pozmağa və iqtisadi itkilər yaratmağa hesablanıb. Belə hadisələr bazarlara da təsirsiz ötüşmür. Gəmilərin vurulması və yükdaşımaların təhlükə altına düşməsi qiymət artımlarına, birjalarda dalğalanmalara və ticarət dövriyyəsində problemlərə səbəb ola bilər. Bundan əlavə, müharibənin təsirləri artıq yalnız Rusiya və Ukrayna ilə məhdudlaşmır. Müxtəlif ölkələrin vətəndaşları da bu qarşıdurmanın qurbanına çevrilirlər. Azərbaycan vətəndaşlarının da hadisə nəticəsində həlak olması və xəsarət alması göstərir ki, bu müharibə artıq təkcə iki ölkənin problemi deyil. Qarşıdurma getdikcə daha çox ölkənin vətəndaşlarına, beynəlxalq ticarətə və regional təhlükəsizliyə təsir göstərən qlobal xarakter almaqdadır”.

 

Banuçiçək Məmmədova

#yeni #azərbaycan #səbəbləri # #hücum: #dənizində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər