Azərbaycan dilinin təhriflərə məruz qalmaması üçün hansı tədbirlər görülməlidir?
Dil məfhumu özündə bir sıra dərin və mahiyyətli anlamlar barındırır. Hansı millətin ki dili yoxdur, varoluşla yoxluq arasındakı incə cizgi üzərində durmuş sayılır. Özünə xas dili olmayan dövlət başqa xalqların əsiri olmasa belə, özündə əsas element olan “Milli Dil” ünsürünə sahib olmadıqdan sonra azadlığının təminatına yönəlik əsaslı vəddən söhbət belə gedə bilməz.Dil millətin özəyi,”Canı”-dır.
Mövzu ilə bağlı Professor, Bakı Dövlət Universitetinin dilçilik kafedrasının müdiri Tofiq Hacıyev İnformator.az-a açıqlamasında bildirib ki, Azərbaycan dilinin təhriflərə məruz qalmaması üçün ilk növbədi dövlət qurumları nəzarəti ciddi şəkildə artırmalıdır.
“Növbəti olaraq, xalqımıza dilin mahiyyəti barədə tez-tez verilişlər təşkil etmək lazımdır. Eyni zamanda isə məktəblərdə anadili və ədəbiyyat dərslərinin yaxşılaşdırılması məsələsi ön plana çəkilməlidir”.
Tofiq Hacıyevin sözlərinə görə, dilimizin saflığına xələl gətirən şəxslər vəzifəsindən uzaqlaşdırılmalıdır.
“Televiziya verilişlərində, xüsusən şou verilişlərdə, reklamlarda dilimizin saflığı və zənginliyinə xələl gətirən şəxslərin müvafiq sahələrdən uzaqlaşdırılması və qınaq obyektinə çevrilməsi lazımdır”.
Müsahib sonda qeyd edir ki, Azərbaycan dili proqramları və dərsliklərini hazırlayan şəxsin qurumlarla mütəmadi görüşləri olduqca vacibdir.
“Bəzən adama elə gəlir ki, bu proqramları hazırlayanlar azərbaycanlı(türk) deyil”.
Əli Məmmədli
